Hərbi komissarın məhkəməsində şahid: Pulu "şirinlik" kimi vermişəm
- 01 oktyabr, 2025
- 17:39

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ülfət Məmmədov ifadə verib.
O bildirib ki, Xəzər Tibb Mərkəzində stomotoloq-həkim işləyir:
"Aliəvi tanışımız Maya xanımın oğlu Fuad Rüstəmovun 18 yaşı tamam olmuşdu, ali məktəbə imtahan vermək üçün möhlət istəyirdi. Çünki Dövlət İmtahan Mərkəzi çağırış yaşında olduğuna görə arayış istəyirdi. Ona görə də imtahanda iştirak edə bilməsi üçün hərbi komissarlıq "stop"u götürməliydi. Mən də bununla bağlı Xəzər rayonunun hərbi komissarı Ramin Şükürovla görüşdüm və Maya xanımın 4 min manatı olduğunu söylədim. Daha sonra pulu onlara çatdırdım".
O, dövlət ittihamçısı Orxan Kəngərlinin suallarını cavablandırarkən deyib ki, Ramin Şükürov ondan pulu şəxsən almayıb, 6-cı otaqdakı Xaliq Əzizova verməsini istəyib.
Daha sonra Ramin Şükürovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran şahid deyib ki, Ramin Şükürova çatmalı olan pul "şirinlik" olub:
"Onsuz da pul olsa-olmasa da, Ramin müəllim bu işi görəcəkdi. Mən də pulu da "şirinlik" kimi vermişəm".
Vəkilin pulun "şirinlik" və ya rüşvət olması ilə bağlı digər suallarına dövlət ittihamçısı etiraz edib. Bildirib ki, şahid bunun "şirinlik" olduğunu deyir. Ceyhun Yusifov isə vurğulayıb ki, şirniyyat ancaq kulinariyada olur.
Ramin Şükürov isə şahidin yalan danışdığını deyib. Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. O, ifadəsində göstərib ki, Ramin Şükürov ona bu işlərin görülməsinin bəzən 6 min, bəzən də 8 minə başa gəldiyini söyləyib:
"Mən Maya xanımdan 4 min manatı alaraq Ramin Şükürovun yanına gəldim. O da pulu Xaliq Əzizova verməyimi istədi. Mən də pulu ona verdim".
Ülfət Məmmədov isə ibtidai istintaqa verdiyi ifadəsini qismən təsdiqləyib və Ramin Şükürovla aralarında 6, yaxud 8 min manat söhbəti olmadığını vurğulayıb.
Proses oktyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.
Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Məhkəmənin gedişatında Ramin Şükürov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.