FHN: Xüsusi qayğıya ehtiyacı olanların yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər davam edəcək

Hadisə
  • 23 sentyabr, 2025
  • 14:40
FHN: Xüsusi qayğıya ehtiyacı olanların yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər davam edəcək

Fövqəladə Hallar Nazirliyi (FHN) xüsusi qayğıya ehtiyacı olan insanların yanğın təhlükəsizliyinin təmin olunması, onların həyat və fəaliyyətlərinin yanğından mühafizə edilməsi ilə bağlı tədbirləri davam etdirəcək.

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yağına Nəzarət Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.

O bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanların sosial reabilitasiya mərkəzində FHN-in Dövlət Yanğına Nəzarət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələrinin cəlb olunması ilə maarifləndirmə tədbiri keçirilib:

"Nazirlik olaraq bu tip obyektlərdə mütəmadi yanğın, texniki müayinələrin aparılması, burada çalışan insanların yanğın təhlükəsizliyinə əməl edilməsi, yanğın zamanı davranış qaydaları, binanın yanğın təhlükəsizliyinin təmin edilərək istismar edilməsi istiqamətində daim maarifləndirmə tədbirləri həyata keçirilir. Həmin tədbirlər zamanı yanğınsöndürmə vasitələrindən istifadə, təxliyyənin idarə olunması kimi məsələlərə diqqət ayrılır".

FHN rəsmisi qeyd edib ki, tədbir zamanı yanğından mühafizə sistemlərinin saxlanması, onların təyinatəndan kənar istifadə hallarının yol verilməz olduğu personalın diqqətinə çatdırılıb:

"Yanğınsöndürmə texnikaları əraziyə cəlb olunmaqla döyüş açılışı həyata keçirildi. Bu da obyektin yanğınsöndürmə əməliyyat şəraitinin qiymətləndirilməsinə yönəldilmiş tədbir idi. FHN bu növ obyektlərdə anoloji tədbirlərin həyata keçirilməsini təmin edir. Gələcəkdə də xüsusi qayğıya ehtiyacı olan insanların yanğın təhlükəsizliyinin təmin olunması, onların həyat və fəaliyyətlərinin yanğından mühafizə istiqamətində tədbirlər davam etdiriləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti