FHN "Qafqaz Konserv Zavodu" MMC-də istehsalat qəzaları zamanı xilasetmə ilə bağlı təlim keçirib
- 28 oktyabr, 2025
- 10:38
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin struktur bölmələrinin xilasetmə dəstələri ilə birgə "Qafqaz Konserv Zavodu" MMC-də istehsalat qəzaları zamanı xilasetmə işinin təşkili mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd fövqəladə hal zonasında axtarış, qəza-xilasetmə işlərinin təşkili, yanğınların söndürülməsi, qüvvə və vasitələrin idarə edilməsi, həmçinin əməliyyat qərargahının qurulması və fəaliyyətinin təşkili üzrə heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.
Təlim zamanı şərti olaraq baş vermiş qəza ilə əlaqədar "hadisə yerinə" operativ çatan yanğın-xilasetmə qüvvələri tərəfindən ərazinin kəşfiyyatı, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib. Bundan əlavə, "xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi", onların təhlükəli zonadan köçürülməsi və qəza-bərpa tədbirləri reallaşdırılıb.
Tədbirin gedişində zavodun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri və Nazirliyin ərazi struktur bölmələri arasında qarşılıqlı fəaliyyət uğurla təşkil edilib, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb və müvafiq tapşırıqlar verilib.