AQTA: Bakıda qadının qida zəhərlənməsindən ölməsi faktı təsdiqini tapmayıb - YENİLƏNİB
- 05 noyabr, 2025
- 16:20
Bakı şəhəri, Binəqədi rayonunda yaşayan 1976-cı il təvəllüdlü Cabbarova Qərənfil Nəcəf qızının qidadan zəhərlənməsi ilə bağlı məlumatlar təsdiqini tapmayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA araşdırmalar aparıb.
Məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Anaflaktik şok" diaqnozu ilə hospitalizasiya olunan pasiyentə göstərilən yardımlara baxmayaraq ölüm baş verib.
Belə ki, pasiyentə adekvat təyin edilmiş və düzgün tətbiq edilmiş dərman maddəsinə patoloji reaksiya, toksik epidermal nekroliz, digər və dəqiqləşdirilməmiş dərman vasitələri, medikamentlər və bioloji maddələrlə təsir etmə, dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu qoyulub.
Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb.
"Report" xəbər verir ki, 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.
O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.