"Zirə"nin baş məşqçisi: "Çempionlar Liqasında əsas çətinlik yarışın formatı ilə bağlı idi"
- 24 sentyabr, 2025
- 16:03

Minifutbol üzrə Çempionlar Liqasının formatı "Zirə" komandasına xeyli çətinlik yaradıb.
Bunu "Report"a açıqlamasında paytaxt təmsilçisinin baş məşqçisi Elşad Quliyev deyib.
O, komandanın belə sistemə uyğunlaşmadığını söyləyib:
"Əsas çətinlik yarışın formatı ilə bağlı oldu. Bəzən gündə iki oyun keçirirdik. Uşaqlar bu sistemə uyğunlaşmayıb. Azərbaycan çempionatında həftədə bir dəfə oynayırıq. Belə olan halda heç bir rəqibə qarşı hazırlaşmaq mümkün deyil. Düşünürəm ki, bu amil olmasaydı, yaxşı nəticə qazanardıq".
Mütəxəssis bu il Bolqarıstanda təşkil olunan turnirin 1/4 final mərhələsində mübarizəni dayandırmalarına baxmayaraq komandanın çıxışından razı qaldığını söyləyib:
"Heyətimizin yeni futbolçulardan qurulmasına baxmayaraq Çempionlar Liqasına lazımi səviyyədə hazırlaşmışdıq. Uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, turnirdə çox güclü komandalar iştirak edirdi. Göstərdik ki, daha yaxşısına nail olmaq mümkündür. Qrup mərhələsini birinci pillədə bitirdik. 3 oyuna 7 xal qazandıq. 1/8 finalda qarşılaşdığımız Monteneqro təmsilçisi çempionatın ən güclülərindən sayılırdı. Rəqibimizi məğlub edib 1/4 finala vəsiqə qazandıq. Burada isə yerli komandaya uduzduq. Məğlubiyyətə baxmayaraq çox qol vəziyyətləri yaratdıq, amma istifadə edə bilmədik".
Qeyd edək ki, Azərbaycan minifutbol üzrə Çempionlar Liqasında üç klubla təmsil olunub. "Aznur" pley-off mərhələsində mübarizəni dayandırıb. "Zirə" və "Birbaşa Bakı" isə 1/4 finalda dayanıb.