TƏBİB: 20 nəfər zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub - YENİLƏNİB-2

Hadisə
  • 24 sentyabr, 2025
  • 18:44
TƏBİB: 20 nəfər zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub - YENİLƏNİB-2

Bu gün saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.

Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.

İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Agentlikdən bildirilib.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.

Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.

İmişli rayonunda toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.

Sentyabrın 23-də baş tutan toy mərasimində iştirak etmiş 18 nəfər zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti