Yusif İmanov: "Kəpəz"in çətin dönəmdə mənə güvənməsi çox dəyərlidir" - MÜSAHİBƏ
- 19 noyabr, 2025
- 14:40
"Kəpəz"in yeni transferi Yusif İmanov "Report"a müsahibə verib. 23 yaşlı qolkiper son olaraq çıxış etdiyi Kosovonun "Malişeva" klubunda əsas heyətə düşə bilməməsinin və oradan ayrılmasının səbəblərindən danışıb. Gəncə klubunda özünü yaxşı tərəfdən göstərərək yenidən Azərbaycan millisinə dəvət almaq istədiyini deyən "əlcək sahibi" hədəflərindən söz açıb.
- Kosovo təmsilçisi "Malişeva"ya transfer olunduqdan sonra sizi meydanda görə bilmədik. Heyətə düşə bilməməyinizin səbəbi nə idi?
- "Malişeva"ya gedəndə artıq iki ay idi ki, məşq etmirdim. Ona görə də ilk ay yarımda tam formaya düşmək üçün çalışdım. İstəyirdim ki, bərpa prosesini tez keçim. Artıq tam hazır olduğum dövrdə isə klubda sponsorlarla bağlı ciddi problemlər başladı. Mənim ora getməyimin əsas səbəbi klubun bu mövsüm üçün hazırladığı böyük layihə idi. Amma maliyyə problemləri yaranandan sonra həm klubdaxili mühit korlandı, həm də motivasiya zəifləməyə başladı. Baş məşqçi də bu prosesdə bir qədər qərarsız idi və sonda yerli qapıçıya üstünlük verdi.
- Baş məşqçi ilə hansısa problem yaşadınız?
- Xeyr, heç bir şəxsi problem olmayıb. Sadəcə, klubun daxilində çətinliklər yaşanırdı və bu, məşqçilər heyətinin qərarlarına da təsir edirdi. Mən öz üzərimdə işləyirdim, məşqçi isə öz seçimlərini edirdi. Bu, futbolda normal prosesdir.
- Bəs tam olaraq ayrılığa səbəb nə oldu?
- Əsas səbəb maliyyə məsələləri idi. Klubda ödənişlər gecikməyə başladı və vəziyyət qeyri-sabit idi. Bu səbəbdən menecerimlə məsləhətləşərək qarşılıqlı şəkildə ayrılmaq qərarını verdik.
- "Malişeva"nın təklifini qəbul edərkən nəyi hədəfləyirdiniz?
- Əsas məqsədim Avropada qalmaq idi. "Malişeva"nı seçməyimin səbəbi də elə bu idi. Təəssüf ki, klubun sponsor dəstəyi ilə bağlı problemlər, layihənin dayanması və ödənişlərin edilməməsi məni ayrılmağa məcbur etdi.
- "Sabah"dan ayrıldıqdan sonra Azərbaycanda hansısa klubla anlaşmaq olmazdı?
- Azərbaycandan 2, xaricdən də 2 təklif var idi. Kosovo klubunu seçməyimin səbəbi isə mənə təqdim olunan layihə oldu. Klub Konfrans Liqasında iştirak etmişdi və bu mövsüm üçün hədəflər daha yüksək idi. Lakin sponsor problemi üzündən layihə tamamilə dəyişdi və maaşlar ödənilməməyə başladı.
- Sizi "Kəpəz"ə kim dəvət etdi?
- Danışıqlar menecerim vasitəsilə aparıldı. Mən yalnız hər şey razılaşdırıldıqdan sonra Bakıya gəldim. Klubun layihəsi, yanaşması və mənə olan inamı qərarımı asanlaşdırdı.
- Yeni kluba keçidlə bağlı təəssuratlarınız necədir?
- "Kəpəz" mənim üçün yeni və motivasiyaedici başlanğıcdır. Burada həm özümü göstərmək, həm də komandanın nəticələrinə real töhfə vermək istəyirəm. Çətin dönəmdə mənə güvənən bir klubun olması çox dəyərlidir.
- "Kəpəz"də çıxış etməklə yenidən milli komandaya dəvət ala bilərsiniz?
- Əlbəttə. Düzgün iş, oyun praktikası və sabit performansla milli komandaya qayıtmaq tam realdır. Millinin forması hər futbolçu üçün zirvədir və mən də buna can atıram.
- Legioner həyatı yaşamaq üçün ilk cəhdiniz uğursuz alındı. Qarşıdakı illərdə yenidən Avropaya qayıtmaq şansınız olsa, dəyərləndirəcəksiniz?
- Mən bunu uğursuzluq kimi qiymətləndirmirəm. Sadəcə, işlər planlaşdırıldığı kimi getmədi. Amma Avropa təcrübəsi mənim üçün vacibdir və gələcəkdə yenidən qayıtmaq istəyirəm. Bunun üçün ilk növbədə Azərbaycanda sabit və yaxşı performans göstərməliyəm.
- Ölkə xaricində olarkən sabiq komandanız "Sabah"ın oyunlarını izləyirdiniz?
- Desəm ki, yalnız "Sabah"ı izləyirdim, doğru olmaz. Ümumilikdə Azərbaycan Premyer Liqasının nəticələrini və oyunlarını mütəmadi olaraq izləyirdim.
- Azərbaycan millisinin sabiq üzvü kimi son oyunlar barədə nə düşünürsünüz?
- Hazırda milli komanda çətin dövrdən keçir. Xüsusi nəsə deməyim doğru olmaz, amma ümid edirəm ki, tezliklə sabitlik olacaq və daha yaxşı nəticələr görəcəyik. Potensialımız var.
- Yığmanın heyətinə cəlb olunan qapıçılar öz klublarında əsas heyətə düşə bilmirlər. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu, qapıçı mövqeyi üçün çox çətin vəziyyətdir. Qapıçı oynadıqca formasını bərpa edir. Əsas heyətdə oynamadan yığmada yüksək performans göstərmək çətindir. Məncə, Azərbaycan futbolunda yaxşı yerli qapıçılar var və onlara klublarında daha çox şans verilməlidir.