"Xankəndi"nin kapitanı: "Azərbaycan Kubokunda mərhələ adlamaq istəyirik"
- 22 oktyabr, 2025
- 11:02

Azərbaycanın II Liqasının VI turunda "Araz Saatlı"nı 14:0 hesabı ilə məğlub edən "Xankəndi" Azərbaycan Kubokunda da mərhələ adlamaq istəyir.
Bunu "Report"a açıqlamasında komandanın kapitanı Müşfiq Teymurov deyib.
O, məqsədlərinin çempionluq olduğunu bildirib:
"Oyun bizim üçün çox çətin keçmədi. Ötən turda "Qaradağ Lökbatan"a məğlubiyyət bizə bir qədər pis təsir etmişdi. Uşaqlar sağ olsunlar, bu dəfə kollektiv oyun nümayiş etdirdik və istədiyimiz qələbəni qazandıq. Məqsədimiz çempionluqdur. Həmişə zirvə uğrunda oynayırıq. Turnir cədvəlində lider mövqeyinə qayıtdığımız üçün çox şadıq. Əsas odur ki mövqeyimizi qoruyub saxlayaq. Azərbycan Kubokunda da mərhələ adlamaq istəyirik. Bu da bizim üçün önəmlidir. Ümid edirəm ki, II təsnifat mərhələsində "Difai" ilə görüşdən qələbə ilə ayrılacağıq. Baxmayaraq ki, rəqib güclü və keyfiyyətli komandadır. Daha sonra "Şəmkir"lə oyunumuz var. Kubok matçının bizim üçün ağır keçəcəyini bilirəm. Bu səbəbdən "Şəmkir"lə görüşdə yorğunluq olacaq. İstənilən halda, hər iki görüşü qələbə ilə bitirmək niyyətindəyik".
Komandanı ilk dəfə meydana kapitan kimi çıxaran futbolçu həyəcanlı olmadığını da söyləyib:
"Komandanı meydana ilk dəfə kapitan kimi çıxarmağıma baxmayaraq, heç bir həyəcan yox idi. Çünki daha əvvəl "Karvan-Yevlax"da da kapitan olmuşam. Hazırda əsas kapitanımız Əziz Hüseynovdur. Onun yoxluğunda bu vəzifəni yerinə yetirdim. "Xankəndi"nin formasını geyinmək özü həyəcanlıdır".
Qeyd edək ki, "Xankəndi" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Difai" ilə üz-üzə gələcək.