"Səbail"in kapitanı: "İnanırıq ki, Adil Şükürov komandanın gücünə güc qatacaq" - MÜSAHİBƏ
- 01 dekabr, 2025
- 16:03
"Səbail"in kapitanı Yusif Nəbiyev "Report"a müsahibə verib. O, komandasının I Liqada çempion olmaq şanslarını dəyərləndirib. 28 yaşlı müdafiəçi paytaxt klubu ilə anlaşan baş məşqçi Adil Şükürovun təyinatından və onunla olan dialoqundan danışıb.
- Azərbaycan I Liqasının IX turunda "Cəbrayıl"a sürpriz şəkildə uduzdunuz. Məğlubiyyətin səbəbi nə idi?
- Əslində, heç bir mübarizədə "Cəbrayıl"a uduzmadıq. Oyun ərzində rəqibdən üstün idik. Qol vurmaq üçün olduqca çox fürsətlər yarandı, təəssüf ki, istifadə edə bilmədik. Futbolçumuz boş qapıya topu vura bilmirsə, necə qələbə qazana bilərdik? Bu barədə komanda daxilində söhbətlərimiz oldu. İnanırıq ki, bir də bu cür hallar təkrarlanmayacaq. Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm.
- Çempionluq yolunda ağır zərbə aldığınızı düşünürsünüz?
- Əsas rəqibimiz - turnir cədvəlinin ilk sırasında yer alan "Şəfa" komandası ilə xal fərqi 5-ə yüksəldi. Çempionluq barədə danışmaq tezdir. Mövsümün sonuna hələ çox var.
- 5 xallıq fərqi aradan qaldırmaq mümkün olacaq?
- Bunun üçün çalışacağıq və əlimizdən gələn hər şeyi edəcəyik. İnanıram ki, bunu bacarmaq mümkündür. Düşünürəm ki, komanda olaraq heç kimdən geri qalmırıq. Mən "Səbail"ə inanıram, lazımi nəticələri qazanacağıq.
- Müvafiq olaraq "Şamaxı" ilə "Qəbələ" I Liqaya "yuvarlandılar" və bir illik fasilədən sonra yenidən Premyer Liqaya döndülər. "Səbail" bu ənənəni davam etdirə biləcək?
- Əlbəttə, inam var və inam olan yerdə ümidlər böyük olur. Mən və komanda yoldaşlarım bunun üçün sona qədər vuruşacağıq. Ənənəni davam etdirmək əla olardı.
- Komandanın yeni baş məşqçisi Adil Şükürovun təyinatı ilə bağlı nə deyə bilərsiniz?
- Adil müəllimə və onun köməkçilərinə uğurlar arzu edirəm. Səmimi qəlbdən inanırıq ki, o bizə öz işi ilə kömək edəcək və komanda olduğu yerdən daha yüksəyə qalxacaq. Mən də bir kapitan kimi Adil müəllimin tapşırıqlarını layiqincə yerinə yetirməyə hazıram. Əlimdən gələni edəcəyəm ki, "Səbail"i Premyer Liqaya qaytaraq.
- İlk məşqdən sonra komandanın kapitanı kimi Adil Şükürovla aranızda dialoq oldu?
- Bəli, müəyyən söhbət oldu. Lakin detalları burada açıqlamaq istəmirəm. Ümumi vəziyyət barədə Adil müəllimə məlumat verdim. O da öz düşüncələrini biizimlə bölüşdü və söhbətlər apardıq. İnanıram ki, onun gəlişi komandaya əlavə güc qatacaq.