PFL rəsmisi: "Karvan-Yevlax"ın bütün sənədləri qaydasındadır, loqo məsələsi isə klubun şəxsi işidir"
- 01 sentyabr, 2025
- 15:29

"Karvan-Yevlax" klubunun adı və Premyer Liqada çıxış etməsi üçün lazım olan bütün sənədlər qaydasındadır, loqo məsələsi isə klubun şəxsi işidir.
Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.
O, "Karvan"ın davamçısı olmayan "Karvan-Yevlax"ın hələ də köhnə loqodan istifadə etməsinin səbəbini belə izah edib:
"Bu, bizim səlahiyyətimizdə olmayan məsələdir. Əslində doğrudur, loqoları köhnədir və üzərində 2004-cü il qeyd olunub. Lakin biz onlara "niyə köhnə komandanın emblemindən istifadə edirsiniz" sualını verə bilmərik. Çünki onların Premyer Liqada iştirak etmələri üçün lazım olan bütün sənədlər qaydasındadır. Loqo məsələsi isə şəxsi işləridir. İstəsələr, loqolarına şir və ya pələng təsviri də yerləşdirə bilərlər. Bu, onların öz istəklərinə uyğundur".

"Karvan-Yevlax" kollektivinin mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev isə mövcud durumla bağlı bunları söyləyib:
"Sözün düzü, klub olaraq bizə bu sualı çox verirlər. Lakin təəssüf ki, məsələ ilə bağlı dolğun cavab verə bilməyəcəm. Yaxın müddət ərzində loqo məsələsinin təfərrüatlarını açıqlaya bilərik".
Qeyd edək ki, "Karvan-Yevlax" ötən mövsüm Azərbaycan I Liqasını 47 xalla üçüncü sırada bitirərək Premyer Liqada iştirak etmək hüququ qazanıb. Komandanın 2004-cü ildə Yevlaxda yaranan və Azərbaycan futbolu tarixində UEFA Kubokunda mərhələ adlayan (2006/2007) ilk klub olan "Karvan"la əlaqəsi yoxdur.