"Kəpəz"in sabiq baş məşqçisi: "Kopenhagen"lə oyun "Qarabağ" üçün ikiqat çətin olacaq"

Futbol
  • 01 oktyabr, 2025
  • 11:47
Kəpəzin sabiq baş məşqçisi: Kopenhagenlə oyun Qarabağ üçün ikiqat çətin olacaq
Azər Bağırov

"Kopenhagen"lə oyun "Qarabağ" üçün ikiqat çətin olacaq.

Bunu "Report"a açıqlamasında "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırov deyib.

41 yaşlı mütəxəssis "köhlən atlar"ın Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bugünkü oyun çox maraqlı və gərgin keçəcək. Əlbəttə, UEFA Çempionlar Liqasında keçirilən bütün matçlar maraqlıdır. Artıq Avropada "Qarabağ" klubu haqqında müsbət fikirlər formalaşıb. Komandanın Portuqaliyada "Benfika"nı məğlub etməsi sonrakı rəqiblər üçün siqnallar verib. Düşünürəm ki, bu səbəbdən bugünkü görüş "Qarabağ" üçün ikiqat çətin olacaq".

A.Bağırov Azərbaycan çempionunun doğma meydanda yaxşı nəticə qazanacağına inandığını söyləyib:

"Komandanın doğma azarkeşlərin önündə oynaması çox yaxşı haldır. İnanıram ki, fanatlar önündə ən azı bir xal əldə edə biləcəklər. UEFA Çempionlar Liqasında daha bir ilkə imza atacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti