İngiltərə Futbol Assosiasiyası "Qarabağ"ın rəqibinə qarşı 74 ittiham irəli sürüb
- 11 sentyabr, 2025
- 16:19

İngiltərə Futbol Assosiasiyası (FA) "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Çelsi"yə qarşı 74 ittiham irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə FA-nın mətbuat xidməti məlumat yayıb.
İttihamlara səbəb olan hərəkətlərin 2009-cu ildən 2022-ci ilə qədər olan dövrü əhatə etdiyi və əsasən 2010/2011 və 2015/2016 mövsümləri aralığında baş vermiş hadisələrlə bağlı olduğu bildirilib. İttihamlar həmin dönəmlərdə futbol agentləri haqqında J1 və C2 qaydalarının, vasitəçilərlə iş üzrə A2 və A3 qaydalarının və oyunçulara üçüncü tərəflərin investisiyaları haqqında A1 və B3 qaydalarının pozulması ilə bağlı olub.
Bəyanatda London klubunun sentyabrın 19-na qədər ittihamlara cavab verməli olduğu da qeyd edilib.
Qeyd edək ki, sözügedən dönəmlər klubun sabiq rəhbəri Roman Abramoviçin dövrünə təsadüf edir. Rusiyalı iş adamı 2009-2022-ci illərdə kluba rəhbərlik edib.
"Qarabağ" UEFA Çempionlar Liqasının IV turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.