Erkin İbrahimov: "Kəpəz"in daxilində də komandaya qarşı hansısa addımlar olur"
- 04 sentyabr, 2025
- 12:59

"Kəpəz" Futbol Klubunun daxilində də komandaya qarşı hansısa addımlar olur.
Bunu "Report"a Gəncə təmsilçisinin İdarə Heyətindən ayrılan Erkin İbrahimov deyib.
O, şəxsi işləri ilə əlaqədar postunu tərk etmək qərarı verdiyini bildirib:
"Durum elədir ki, mən nə tam işə köklənə, nə də başqa şəhərdə yaşaya bilirəm. Alınmır. Daim klubun yanında, bazada olmaq lazımdır. Parçalanmaq da olmur. Nəticələr də yaxşı deyil. Kimsə bu məsuliyyəti üzərinə götürməli idi. Bu, klubdakı şəxslər və futbolçular üçün bir siqnal idi".
E.İbrahimov daha əvvəl də klubdan getmək istədiyini söyləyib:
"Yayın əvvəlində də ayrılmaq qərarına gəlmişdim. Əlbəttə, nəticələr ürəkaçan deyil. Hər kəs İdarə Heyətinin sədri Adil Vəliyevin ətrafında sıx birləşməlidir. Klubun inkişafı ilə bağlı uzunmüddətli planları var. Çətinliklər, problemlər ola bilər. Uzun illər sonra Gəncə futboluna təmənnasız kömək edə biləcək insan rəhbərliyə gəlib. Ona yardımçı olmaq lazımdır. Açıq danışaq, bəzən "Kəpəz"in daxilində də kluba qarşı hansısa addımlar olur".
İdarə Heyətinin keçmiş üzvü məşqçilərə və futbolçulara inandığını sözlərinə əlavə edib:
"Hər hansı komanda çempionatın startında üç oyun ardıcıl məğlub olsa, ab-hava yaxşı olmaz. Məşqçilərə və futbolçulara inanıram. Məncə, bu vəziyyətdən çıxa biləcəklər. Komandanın heyəti də kifayət qədər yaxşıdır. II turda "Karvan-Yevlax"ı məğlub etmək olardı. Sadəcə, toparlanmaq üçün bir az vaxt lazımdır".