Elxan Abdullayev: "Avropa çempionatında əsas hədəfimiz yaxşı futbol göstərməkdir"
- 06 noyabr, 2025
- 17:23
Azərbaycanın U-19 millisinin Avropa çempionatının seçmə mərhələsində əsas hədəfi yaxşı oyun göstərməkdir.
Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Elxan Abdullayev deyib.
Mütəxəssis məqsədlərinin qrupdan çıxmaq olduğunu bildirib:
"Dünəndən hazırlığa başlamışıq. UEFA Gənclər Liqasında oynayan "Qarabağ" və "Sabah"ın futbolçuları komandamıza bu gündən qoşulublar. Sabah tam şəkildə hazırlığa davam edəcəyik. İlk oyunumuzu ayın 12-də Çexiya millisinə qarşı keçirəcəyik. Daha sonra Şimali İrlandiya və Malta ilə qarşılaşacağıq. Səfərə 20 futbolçu ilə yollanacağıq. Hədəfimiz ilk növbədə yaxşı futbol göstərməkdir. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni etməliyik. Məqsədimiz qrupdan çıxmaqdır".
O, qrupda Çexiya yığmasının favorit olduğunu nəzərə çatdırıb:
"Rəqiblər çox güclüdür. Favorit Çexiya yığmasıdır. Şimali İrlandiya və Maltaya gəlincə, əvvəlki təlim-məşq toplanışlarında bu komandalarla eyni səviyyədə olan rəqiblərlə yoxlama oyunu keçirmişdik. Məsələn, İslandiyanı Sloveniyada məğlub etmişdik. Qrupdan çıxmaq şanslarımız var və bunlardan istifadə etməliyik. Məqsədimizə çatıb-çatmayacağımızı zaman göstərəcək".
Baş məşqçi komandanın durumunu da dəyərləndirib:
"Heyətdə zədəli futbolçular yoxdur. Oyunlara hazırıq. Uşaqlar bu matçları səbirsizliklə gözləyirlər, istəkləri çoxdur. Əhval-ruhiyyə də yaxşıdır. Əlbəttə, rəqiblərlə bağlı bütün məlumatlar var. Oyunlarını dəfələrlə təhlil etmişik və uşaqlara məlumat verəcəyik".
Qeyd edək ki, 13-cü qrupda yer alan U-19 Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.