Azərbaycan Kubokunun finalında "Sabah" "Zirə"nin rəqibi olub

Futbol
  • 22 aprel, 2026
  • 22:01
Azərbaycan Kubokunun finalında Sabah Zirənin rəqibi olub

Futbol üzrə Azərbaycan Kubokunda finala yüksələn ikinci komanda "Sabah" olub.

"Report" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda evdə "Qarabağ"ı qəbul edən "bayquşlar" 2:1 hesablı qələbəyə sevinib.

"Bank Respublika Arena"da baş tutan matçda Ağdam təmsilçisinin qolunu Kamilo Duran (59) vurub. Meydan sahiblərinin heyətində isə Velko Simiç (78) və Patrik Mbina (87) fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv görüşün böyük qismini 10 nəfərlə keçirib. Qonaqların heyətində 35-ci dəqiqədə qapıçı Mateuş Koxalski kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Tərəflər arasında baş tutan ilk görüşdə 2:2 hesablı heç-heçə qeydə alındığı üçün Bakı klubu adını həlledici mərhələyə yazdırıb.

"Sabah" finalda "Zirə" ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda "Turan Tovuz"la qolsuz bərabərə qalıb. İlk dueldə "qartallar" üstün olub - 2:0.

Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də "Palms Sports Arena"da keçiriləcək.