"Araz-Naxçıvan" rəsmisi: "Hədəfə çatmaq üçün komandanın kifayət qədər potensialı var"
- 03 noyabr, 2025
- 14:51
Misli Premyer Liqasında qarşıya qoyulan hədəfə çatmaq üçün "Araz-Naxçıvan"ın kifayət qədər potensialı var.
Bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov deyib.
"Əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün şanslarımız, komandanın kifayət qədər potensialı da var. Ötənilki heyətin demək olar 70 faizini qoruya bilmişik. Yəni, hədəflərə çatmaq üçün yetərincə təcrübəli komandamız var. Növbəti matçımız "Karvan-Yevlax"a qarşı olacaq. Stadionumuzun təmirə bağlanması səbəbindən rəqibi Sumqayıtda qəbul edəcəyik. "Karvan-Yevlax" hazırda aşağı pillələrdədir. Amma xatırlayırsınızsa, mövsümün başlanğıcında hətta birinci yerdə idi. Kifayət qədər dinamik futbolçulara malikdirlər. Yəqin ki, məşqçilər komandaya bunu izah edəcəklər. Mənim təhlil aparmağım düzgün çıxmaz. Lakin "Karvan-Yevlax"ı ciddi rəqib kimi qəbul etmək və oyuna köklənmək lazımdır", - o vurğulayıb.
Klub rəsmisi Misli Premyer Liqasının X turunda "Sumqayıt"a uduzduqları matçı təhlil edəcəklərini bildirib:
"Komanda adi qaydada məşq edir. Hər şey normaldır. Yəni oyunlara hazırlıq, peşəkarlıq səviyyəsi baxımından dəyişiklik yoxdur. Bundan öncə çempionatın iddialılarından "Neftçi" və "Sabah"la qarşılaşmış və heç-heçə oynamışdıq. Amma son görüşdə "Sumqayıt"a məğlubiyyətlə nə komanda, nə də rəhbərlik barışır. Nəticə araşdırılacaq, məşqçilər korpusu təhlillər aparacaq və növbəti oyunda komandanı qələbəyə hazırlayacaqlar. Ümumiyyətlə, hələ çempionatın 1/3 hissəsi geridə qalıb. İndidən kəskin münasibət bildirimək düzgün deyil. Mövsümün əvvəlindən qarşıya hədəflər qoyulub, komanda toparlanıb lazım olan nəticələri qazanmalıdır".
O, komandanın uğursuzluğuna hakim qərarlarının təsir edib-etmədiyi barədə sualı cavablandırıb:
"Fikrimcə, səbəbləri başqa yerdə axtarmaq peşəkarlıqdan uzaqdır. Peşəkar kollektiviksə, səbəbləri özümüzdə axtarmalıyıq. Necə ki, yaxşı nəticələr əldə edəndə bu, komandanın adına yazılır. "Sumqayıt"a məğlub olsaq da, bu, çıxılmaz vəziyyət deyil. Çempionatın gərgin oyunları hələ irəlidədir. Düzdür, hakimliklə bağlı etirazımız olanda bunu sivil qaydada edirik. Məsələn, "Neftçi" ilə matçda hakimliklə bağlı AFFA Hakimlər Komitəsinə rəsmi müraciət etmişdik. Amma bu gün uğursuzluğa görə kənarda səbəb axtarmaq səthi yanaşma olardı".
E.Yusubov heyətdəki itkilərin də komandanın çıxışına təsir etdiyini söyləyib:
"Yaralı" yerimiz müdafiədir. Bəxtiyar Həsənalızadə və Rahil Məmmədov zədəlidir. Rahil əməliyyat olunub, yəqin ki, qış fasiləsində qayıdacaq. Amma Bəxtiyarın xidmətindən növbəti oyunda istifadə edə biləcəyimizə inanırıq".
İcraçı direktor yayda "Neftçi"yə transfer olunan İqor Ribeyronun yoxluğunun komandaya müəyyən mənada təsir etdiyini vurğulayıb:
"Ribeyro, təbii ki, "Araz-Naxçıvan" üçün önəmli futbolçu idi. Onun ötənilki uğurlu çıxışı belə deməyə əsas verir. Amma bilirsiniz ki, müdafiə xəttində kifayət qədər futbolçumuz var. Düzdür, İqorun gedişinin müəyyən təsirləri var. Lakin bu artıq keçmişdə qalıb".
Klub rəsmisi transfer məsələlərinə toxunub:
"Hazırda qış fasiləsinə qədər keçirəcəyimiz oyunları düşünürük. Fasilədən sonra transfer məsələləri ilə bağlı dəyərləndirmə aparılacaq. Rəhbərliklə məşqçilərin görüşündə bu məsələlər müzakirə olunacaq. Hazırda gündəmdə ancaq komandanın uğurlu çıxışıdır. Yayda aldığımız futbolçuların hər biri komanda üçün faydalıdır. Heç bir uyğunlaşma problemi yoxdur. Dörd aydan çoxdur birlikdədirlər. Həmin oyunçulardır ki, UEFA Konfrans Liqasında mərhələ keçdilər. Üstəlik, çempionatın 10 turu arxada qalıb. Təbii ki, ardıcıl uğursuzluqlar təsir edir. Ancaq peşəkar komanda tez bir zamanda bütün bunları unudub, psixoloji səddi aşıb və mənfi emosiyalardan qurtulub növbəti oyuna hazır olmalıdır".
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında X turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıb.