"Araz-Naxçıvan"ın baş məşqçisi: "Lüksemburq klubu ilə görüşə tam bərpa olunmamış çıxmışdıq"

Futbol
  • 31 oktyabr, 2025
  • 13:37
Araz-Naxçıvanın baş məşqçisi: Lüksemburq klubu ilə görüşə tam bərpa olunmamış çıxmışdıq

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində Lüksemburq təmsilçisi "Differdanje 03" komandası ilə matça tam bərpa olunmamış çıxıb.

Bunu "Report"a komandanın baş məşqçisi Yevgeni Kukseviç deyib.

Rusiyalı mütəxəssis, buna baxmayaraq, rəqibdən üstün oynadıqlarını vurğulayıb:

"Birinci və ikinci oyun arasında 24 saat vaxt keçmədiyi üçün komanda tam bərpa olunmamışdı. Ancaq bu bəhanə deyil. Lüksemburq təmsilçisindən üstün oynadıq. Əsas matçımız noyabrın 1-də Niderland komandasına qarşı olacaq. Ümidvaram ki, yaxşı istirahət edib, sabahkı görüşə istədiyimiz şəkildə çıxacağıq. Mütləq qələbə qazanmalıyıq və inanıram ki, istəyimizi həyata keçirəcəyik".

Qeyd edək ki, ötən gün baş tutan "Araz-Naxçıvan" - "Differdanje 03" görüşü 2:2 hesabı ilə başa çatıb.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı, Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. Naxçıvan təmsilçisi əsas mərhələdə sonuncu matçını sabah Niderlandın "Tigers Roermond" komandasına qarşı keçirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti