Rassel Bakıda mübahisə etdiyi Ferstappendən üzr istəməyib
- 06 oktyabr, 2023
- 13:25
“Mercedes”in pilotu Corc Rassel “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisində mübahisə etdiyi “Red Bull” komandasının sürücüsü Maks Ferstappendən üzr istəməyib.
“Report” xəbər verir ki, mövsümün Bakıda baş tutan dördüncü mərhələsini xatırlayan britaniyalı pilot həmin vaxt qəsdən qəza törətmədiyini bildirib.
O, sprint yarışı zamanı Ferstappenlə kiçik insident yaşamasını normal hadisə kimi qələmə verib: “Bəziləri qəbul etməsələr də, bu, fiziki idman yarışıdır. Yaşadığınız stress və təzyiq mütləq təsir göstərir. Hamımız əlimizdən gələnin ən yaxşısını etmək istəyirik və bunu bir-birimizə hörmətlə yanaşaraq edirik. Heç birimiz qəsdən qəza törətmirik. Belə olan halda üzr istəməyə də ehtiyac yoxdur. Yarışdan sonra bir saat ərzində kimin nə dediyinin əhəmiyyəti yoxdur”.
Qeyd edək ki, 28-30 aprel tarixlərində keçirilən Azərbaycan Qran-prisinin qalibi “Red Bull”un digər pilotu Serxio Peres olub. Sprint yarışı zamanı Rassellə Ferstappen arasında insident baş verib, sürücülər bir-birilərini hədələyiblər.