Yaylagül Ramazanova: "Kamandan oxatma üzrə Azərbaycan çempionatı mənim üçün çətin keçmədi"
- 30 avqust, 2025
- 17:53

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı Yaylagül Ramazanova üçün çətin keçməyib.
"Report" xəbər verir ki, bunu böyüklər arasında yarışın qızıl medalına sahib çıxan idmançı jurnalistlərə açıqlamasında deyib.
O, həyəcanlı olmadığını söyləyib:
"Yarış mənim üçün çətin olmadı. Heç həyəcanım yox idi. Çünki məşqləri davam etdirirdim. Burda da yüksək nəticə göstərdim. Küləyə baxmayaraq, hər zamankı kimi lider olmağa çalışdım".
Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında hakim kimi fəaliyyət göstərəcək Yaylagül Ramazanova idmançıların şanslarını da dəyərləndirib:
"III MDB Oyunlarında azyaşlılar çıxış edəcəklər. Mən orada hakim kimi fəaliyyət göstərəcəyəm. Yeni idmançılarımız var və nəsə əldə etməyə çalışırlar".
Qeyd edək ki, kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatında ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı mübarizə aparıb.