Rəşad Rəsullu: "III MDB Oyunlarının cüdo yarışlarında qazanılan nəticələri yüksək qiymətləndiririk"

Fərdi
  • 04 oktyabr, 2025
  • 21:10
Rəşad Rəsullu: III MDB Oyunlarının cüdo yarışlarında qazanılan nəticələri yüksək qiymətləndiririk

III MDB Oyunlarının cüdo yarışlarında qazanılan nəticələr yüksəkdir.

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

O, III MDB Oyunlarında çıxış edən cüdoçuların çıxışlarını dəyərləndirib:

"Fərdi yarışlarda Rusiya yığmasının ardından medal sıralamasında ikinci pilləni tutduq. Nəticələri yüksək qiymətləndiririk. Bəzi çəki dərəcələrində mübarizə aparan idmançılar var idi ki, onlardan qızıl medal gözləyirdik. Təəssüf ki, olmadı. Bu idmandır, belə hallar yaşana bilər. Lakin qızların yarışında 44, 48 və 52 kq çəki dərəcələrində qazanılan qızıl medallar bizi sevindirdi. 52 kq-da Nərmin Ağamirzəzadəni xüsusi qeyd etmək istərdim. Onun 15 yaşı var və çox gəncdir. Nərmin bundan sonra da hələ 2 il yeniyetmələrin yarışlarında mübarizə aparacaq. Təqribi olaraq qızıl medal sayına görə proqnozlarımız özünü doğrultdu. Lakin 1 qızıl medal az oldu".

R.Rəsullu yeniyetmə idmançıların qarşıdakı illərdə Azərbaycanı Olimpiadalarda yüksək səviyyədə təmsil edəcəyinə inandığını söyləyib:

"Bu gün burada medal qazana bilməyən idmançı belə qarşıdakı illərdə böyük yarışlarda ölkəmizi layiqincə təmsil edə bilər. Hazırda yeniyetmələr inkişaf dövrünü yaşayırlar. Elə ola bilər ki, bu gün qızıl medal qazanan idmançı 2 il sonra peşəkar cüdodan uzaqlaşsın. İdmanda hər cür hadisə baş verə bilər. Onlar öz üzərilərində daha çox çalışmalıdırlar".

Qeyd edək ki, III MDB Oyunlarının cüdo yarışları Göygöl Olimpiya Kompleksində keçirilir. Yığma üzvləri ilk yarış gününü 21 medalla (5 qızıl, 7 gümüş, 9 bürünc) başa vurublar. Sabah cüdoda komanda yarışları baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti