Namiq Novruzov: "İdmançıların XXV Yay Deflimpiya Oyunlarında layiqincə çıxış edəcəklərinə inanırıq"

Fərdi
  • 04 noyabr, 2025
  • 11:29
Namiq Novruzov: İdmançıların XXV Yay Deflimpiya Oyunlarında layiqincə çıxış edəcəklərinə inanırıq

Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov idmançıların ölkəni XXV Yay Deflimpiya Oyunlarında layiqincə təmsil edəcəklərinə inanır.

"Report" xəbər verir ki, qurum rəsmisi bunu mətbuat konfransında deyib.

O, noyabrın 5–26-sı aralığında Yaponiyanın paytaxtı Tokioda keçiriləcək yarışa hazırlıqla bağlı fikirlərini bölüşüb:

"Komanda yaxın günlərdə Yaponiyaya yollanacaq və XXV Yay Deflimpiya Oyunlarında iştirak edəcək. İnanıram ki, idmançılarımız ölkəni layiqincə təmsil edəcəklər. Qatılacağımız idman növləri ənənəvidir. Karate, cüdo, güləş, taekvondo, həmçinin üzgüçülük və atıcılıq üzrə növlərdə də iştirak edəcəyik".

N.Novruzov komitədə görülən işlərlə bağlı da danışıb:

"Eşitmə məhdudiyyətli idmançıların yer aldığı Deflimpiya Komitəsi 2023-cü ildə təsis edilib. Faktiki olaraq 2024-cü ildə tərkib formalaşıb və strukturda müəyyən dəyişikliklər olub. Komitə 2025-ci ilin mayında Beynəlxalq Karlar İdman Komitəsinə üzv seçilib. Artıq beynəlxalq arenalarda ölkəmizi təmsil etmək hüququna malikik. Komitə tərəfindən kifayət qədər böyük işlər görülüb. İdmançıların müayinədən keçməsi, tibbi dəstəklə yanaşı, təlim-məşq toplanışlarını təşkil edirik. Digər federasiyalar da bu yöndə bizə dəstək göstərir. Onların hər birinə təşəkkür edirəm".

Son xəbərlər

Bütün Xəbər Lenti