Millinin baş məşqçisi: "Qaşım Maqomedovun nəticəsi Azərbaycan taekvondosu üçün böyük uğurdur"

Fərdi
  • 31 oktyabr, 2025
  • 18:26
Millinin baş məşqçisi: Qaşım Maqomedovun nəticəsi Azərbaycan taekvondosu üçün böyük uğurdur

Qaşım Maqomedovun nəticəsi Azərbaycan taekvondosu üçün böyük uğurdur.

"Report" xəbər verir ki, bunu Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin baş məşqçisi Məmməd Abdullayev Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, yığmanın Çinin Uşi şəhərində keçirilən dünya çempionatındakı nəticələrini dəyərləndirib:

"Qaşım Maqomedovun nəticəsi Azərbaycan taekvondosu üçün böyük uğurdur. Dünya çempionatı iki ildən bir keçirilir. İstərdik ki, digər idmançılarımız da nəticə qazansınlar. Qaşım reytinqdə güclü rəqibləri üstələyərək bürünc medal qazandı. O, qızıl medal da qazana bilərdi. Sona 5 saniyə qalmış cüzi səhvinə görə uduzdu. Qaşımı məğlub edən idmançı finala çıxdı. Bu, idmandır, nəticəyə görə sevinməliyik. Dünya çempionatında bürünc medal qazanmaq idmançı üçün böyük uğurdur".

Mütəxəssis 9 taekvondoçudan cəmi birinin medal qazanmasına münasibət bildirib:

"Heyətdə bəzi idmançılar nəticə qazanmaq üçün bir qədər gənc idilər. Bir neçə təcrübəli idmançı vardı ki, onlar da layiqli nəticə qazana bilərdilər. Amma yalnız Qaşım özünü doğrultdu. Digərləri müəyyən səhvlər üzündən mükafat əldə edə bilmədilər".

Qeyd edək ki milli üzvlərindən Qaşım Maqomedov mundialda bürünc medal sahibi olub. Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti