İsveçrəli mütəxəssis Azərbaycan millisindəki əsas hədəfini açıqlayıb

Fərdi
  • 06 noyabr, 2025
  • 12:03
İsveçrəli mütəxəssis Azərbaycan millisindəki əsas hədəfini açıqlayıb

Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Luka Qabrilonun əsas hədəfi idmançıların ən yaxşı formada çıxışını təmin etməkdir.

Bu barədə "Report"a isveçrəli mütəxəssis açıqlama verib.

O, qarşıdakı planlar barədə danışıb:

"Hər baş məşqçi kimi mənim də əsas hədəfim idmançıların ən yaxşı formada çıxışını təmin etməkdir. Bunun üçün onlara düzgün mühit yaratmaq lazımdır ki, üzgüçülər aydın bir təlim və həyat tərzi prosesi vasitəsilə inkişaf edə bilsinlər. Bu, idmançıları yüksək performanslı yanaşma və müvafiq nəticələrə gətirəcək. Bir qədər fəlsəfi səslənsə də, reallıqda bu prosesin qurulması, müxtəlif qurumlarla əməkdaşlığın gücləndirilməsi peşəkar və güclü idmançıların yetişməsinə geniş imkanlar yaradır".

L.Qabrilo yerli mütəxəssislərlə əməkdaşlıq barədə də fikirlərini bölüşüb:

"Bütün məşqçilərlə istənilən əməkdaşlığa tam açığam. Bilik və təcrübəmi paylaşmağa həmişə üstünlük vermişəm. Digərlərindən gizlətmək istədiyim hər hansı bir sirr yoxdur. Mən iş sisteminin qurulması, həmçinin mövsüm və həftəlik planların hazırlanması istiqamətində bütün məşqçilərə kömək etməyə hazıram. Buraya plandan əlavə suda və quruda keçirilən məşqlərin düzgün qurulmasını da aid edirəm. Qeyd olunan istiqamətlərdə bütün mütəxəssisləri əməkdaşlığa dəvət edirəm".

Mütəxəssis artıq üç həftədir ki, idman direktoru Pyer Ləfonten və yerli məşqçilərlə işlədiyini sözlərinə əlavə edib:

"Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. Daha sonra noyabrda Belarusda qısa məsafələr üzrə turnir, dekabrda isə Polşada qısa məsafələr üzrə Avropa çempionatı bizi gözləyir. Bu yarışlardan sonra planlaşdırdığım məşq proqramı üzrə növbəti il üçün hazırlıqlarımız başlayacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti