İslamiadanın rəsmisi: "Azərbaycanda olan standartları Ər-Riyadda qoruyub saxlamağa çalışdıq"
- 13 noyabr, 2025
- 15:00
Azərbaycanda olan standartları Ər-Riyadda qoruyub saxlamağa çalışdıq.
Bunu "Report"un Səudiyyə Ərəbistanıın paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına ezam olunan əməkdaşına yarışın media əməliyyatları üzrə məsləhətçisi Pirim Pirimov deyib.
Azərbaycanlı mütəxəssis təşkilatçılıqda ciddi qüsurların olmadığını deyib:
"Burada hər şey media standartlarına uyğun hazırlanıb və proses davam etdirilir. Hər bir yarış məkanında media mərkəzi fəaliyyət göstərir. Burada həm qidalanma və qalma şəraiti, həm də media üçün tribunalar və miks-zonalar təşkil olunub. Media nümayəndələrinin yarışlara rahat gəlib-getmələri üçün nəqliyyat vasitələri ayrılıb. Arxada qalan günlər ərzində hələ ki, ciddi qüsura rast gəlinməyib. İstəyimiz odur ki, media nümayəndələri hər şeydən razı qalsınlar, hər hansı problelə üzləşməsinlər".
O, İslamiadanın təşkilatçılığına 20-dək həmyerlimizin cəlb olunduğunu vurğulayıb:
"Təbii ki, Azərbaycandakı hər bir yarış yüksək səviyyədə keçirilir. Azərbaycanda olan standartları Ər-Riyadda da qoruyub saxlamağa çalışdıq. Hazırda bu yarışda 20-yə yaxın həmyerlimiz fəaliyyət göstərir. Bu, bizim üçün xüsusi bir qürur mənbəyidir. Xaricilərin artıq bizim mütəxəssislərə ehtiyac duyması və onlarla birgə işləməyə səy göstərməsi inkişafımızın daha bir göstəricisidir. Əvvəllər biz xarici dövlətlərdən peşəkar işçi qrupunu dünya səviyyəli yarışların keçirilməsi üçün cəlb edirdiksə, hazırda həmin dövlətlər bizim personalımızı mühüm tədbirlər üçün çağırır".
P.Pirimov Azərbaycan idmançılarının çıxışını da dəyərləndirib:
"Hər zaman hansısa bir idmançımız qalib gələndə mənə deyirlər ki, "yenə sizinkilər qələbə qazandı" (gülür). Əsasən döyüş növlərində üstünlüyümüz var. İnşallah ki, bizim idmançılar daha da yaxşı nəticələr əldə edəcəklər".
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.