Elgün Səfərov: "Layihənin məqsədi milli qanunvericiliyə uyğun uşaqların təhlükəsizliyini təmin etməkdir"
- 17 oktyabr, 2025
- 11:38

Milli qanunvericilikdə idmanda zorakılıqla mübarizəyə həsr edilmiş dəyişiklik edilməlidir.
"Report"un məlumatına görə, bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.
O, Milli Olimpiya Komitədinin təşkilatçılığı ilə keçirilən "III Təhlükəsiz İdman Forumu"nda fikirlərini bölüşüb:
"Təhsil sektorunda və onlayn mühitdə kiber (cyber) bullinqin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər planlaşdırılır. Sosial şəbəkələr vasitəsilə yayılan bullinq hallarına qarşı müvafiq addımların atılması layihədə əsas istiqamətlərdən biri olacaq".
Onun sözlərinə görə, layihəyə əsasən, dövlət qurumları bu sahədə qəbul edilən strategiyalar çərçivəsində xüsusi tədbirlər həyata keçirəcək:
"Məqsəd uşaqların hüquqlarının qorunması və onlara qarşı yönəlmiş onlayn zorakılıq hallarının qarşısının alınmasıdır. Həmin tədbirlər təkcə maarifləndirmə ilə məhdudlaşmayacaq. Azərbaycanda xüsusi proqram təminatlarının yaradılması, internet provayderləri vasitəsilə bəzi məhdudiyyətlərin tətbiqi və uşaqların yaş kateqoriyasına uyğun məlumatlara çıxışının məhdudlaşdırılması nəzərdə tutulur. Son illər sosial şəbəkələrdə, xüsusilə Tik-Tok platformasında uşaqlara qarşı bullinq hallarının artması müşahidə edilir. Buna görə də müvafiq qurumlar uşaqların sosial mediada daha etibarlı mühitdə fəaliyyət göstərməsi üçün əlavə tədbirlər görməyə çağırılır. Layihənin məqsədi milli qanunvericiliyə uyğun şəkildə uşaqların təhlükəsizliyini təmin etməkdir. Bu, həm fiziki, həm cinsi, həm də onlayn zorakılıq və bullinq risklərinin qarşısının alınmasını əhatə edir".
O, təhlükəsiz idman sahəsində idman psixoloqlarının da fəaliyyətinin gücləndirilməli olduğunu diqqətə çatdırıb.