Avropa çempionu olmuş Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Fərdi
  • 09 noyabr, 2025
  • 02:15
Avropa çempionu olmuş Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında birinci yeri tutan Azərbaycanın yeniyetmə şahmatçısı Xaqan Əhməd Vətənə qayıdıb.

"Report" xəbər verir ki, idmançını gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Hava limanında idmançını yaxınları, ictimaiyyət nümayəndələri, şahmat həvəskarları və mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan təmsilçisi 14 yaşlı oğlanların kateqoriyasında 7,5 xal toplamaqla qalib olub. Doqquz turdan sonra iki şahmatçının eyni xalı olub. Əlavə əmsallara görə Xaqan Əhməd yarışın 6-cı turunda məğlub etdiyi Ermənistan şahmatçısı Tiqran Ambarçumanyanı qabaqlayaraq 116 şahmatçı arasında birinci yerə layiq görülüb və Avropa çempionu titulunu əldə edib.

Yarışın bağlanış mərasimində qalib və mükafatçılara medal, kubok və diplomlar verilib. 14 yaşlı oğlanların mübarizəsində qızıl medal qazanan Xaqan Əhmədin şərəfinə Monteneqroda Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycanın yeniyetmə şahmatçıları Avropa çempionatında 3 medal qazanıblar. 10 yaşlı qızların yarışında Mehriban Əhmədli 9 turda 7,5 xal toplayaraq gümüş medala layiq görülüb. 16 yaşlı qızların birinciliyində isə Məryəm Ağaverdiyeva 9 partiyada 7 xalla Avropa çempionatının bürünc medal qazanıb. 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komanda hesabında 48 ölkə arasında 5-ci olub.

Turnirdə 48 ölkədən 1 169 şahmatçı mübarizə aparıb.

Son xəbərlər

Bütün Xəbər Lenti