ASF prezidenti: "Memorandumun məqsədi hakimlər, məşqçilər və idmançılara elmi tərəfdən dəstək olmaqdır"
- 22 sentyabr, 2025
- 13:31

Üzgüçülüyün İnkişafı üzrə Strateji Əməkdaşlıq Memorandumunun məqsədi həm də hakimlərə, məşqçilərə və idmançılara elmi tərəfdən dəstək olmaqdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev Üzgüçülüyün İnkişafı üzrə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimindən sonra deyib.
O memorandum məqsədini açıqlayıb:
"İstəyirik ki, bu idman növündə elmi tərəfi də inkişaf etdirək. Yəni hakimlərimizə, məşqçilərimizə, idmançılarımıza elmi tərəfdən dəstək olaq. Federasiya olaraq Azərbaycanda bu idman növünün kütləviliyini artırmağa çalışırıq. Bunun üçün də Azərbaycanın hər yerində düzgün tədrisin aparılması, məşqçilərin olması, lazımi şəkildə təbliğat vacibdir. Avropa Su İdmanı Federasiyası da bu mənada bizə dəstəyini göstərəcək. Hansı ki, öz proqramlarını digər ölkələrdə də tətbiq ediblər. İnanırıq ki, rəsmi sənəd imzalandıqdan sonra daha sıx əməkdaşlıq edəcəyik".
Qeyd edək ki, Üzgüçülüyün İnkişafı üzrə Strateji Əməkdaşlıq Memorandumunu Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli imzalayıblar.