AKF rəsmisi: "Nəticələr göstərir ki, Azərbaycan karateçiləri yüksək hazırlıq səviyyəsinə malikdirlər"
- 23 sentyabr, 2025
- 20:53

Nəticələr göstərir ki, Azərbaycan karateçiləri beynəlxalq arenada yüksək hazırlıq səviyyəsinə malikdirlər.
Bunu "Report"a açıqlamasında Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Abdullazadə deyib.
Mingəçevirdə keçirilən "Olimpiya Ümidləri" beynəlxalq karate turniri ilə bağlı danışan federasiya rəsmisi idmançıların hazırlıq səviyyəsinin yüksək olduğunu söyləyib:
"Nəticələr göstərir ki, Azərbaycan karateçiləri beynəlxalq arenada yüksək hazırlıq səviyyəsinə malikdirlər. Turnirin yüksək səviyyədə təşkili üçün böyük işlər görüldü. Bu gün Mingəçevirdə idman bayramı yaşandı. Ən xırda detallara qədər düşünülmüş təşkilati işlər karateçilərə və tamaşaçılara rahat və təhlükəsiz mühit yaratdı. Burada federasiyanın peşəkar komandasının zəhmətini xüsusilə vurğulamaq istəyirəm."
AKF-nin fəaliyyətinə də toxunan V.Abdullazadə rəhbərliyin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb:
"Federasiya olaraq biz daim inkişafı, şəffaflığı və peşəkarlığı əsas götürürük. Bu sahədə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr, idarə heyətinin sistemli fəaliyyəti və peşəkar komandanın fədakarlığı idmançılarımız üçün böyük imkanlar açır. Məhz bu birlik və koordinasiyalı iş nəticəsində Azərbaycan karatesi beynəlxalq arenada uğurla təmsil olunur."
Qeyd edək ki, III MDB Oyunlarına hazırlıq xarakteri daşıyan turnirdə ümumilikdə 300 idmançı uşaq, yeniyetmə və gənclər arasında mübarizə aparıblar. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, Küveyt isə üçüncü yeri tutub.