SOCAR rəsmisi: "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"

Energetika
  • 30 sentyabr, 2025
  • 17:55
SOCAR rəsmisi: Biz təmiz enerji şirkətinə çevrilmək istəyirik
Əfqan İsayev

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "təmiz enerji" istehsalçısı şirkətinə çevrilmək istəyir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə bildirib.

Ə.İsayevin sözlərinə görə, şirkət dekarbonizasiya proqramı hazırlayıb, bu istiqamətdə fəaliyyətə başlayıb.

"2030, 2035 və 2050-ci illər üçün hədəflərimiz var. 2035-ci ilə qədər biz milli neft–enerji şirkəti olmaq istəyirik. Şirkətin balanslaşdırılmış karbohidrogen portfeli olacaq. Çünki hesab edirik ki, təbii qaz keçid dövründə son dərəcə vacibdir və sağlam şəkildə aşağı karbonlu bizneslərlə qarışıq enerji mənbəyi ola bilər. 2050-ci ilə qədər isə biz artıq "xalis sıfır" milli neft şirkəti olacağımızı, qlobal miqyasda əlçatan, davamlı və etibarlı enerji təmin edəcəyimizi elan etmişik", - deyə o qeyd edib.

SOCAR rəsmisinin sözlərinə görə, bu strategiya üç əsas istiqamət üzərində qurulub: "Birinci istiqamət (enabler) – əsas fəaliyyətimizi dekarbonizasiya etməkdir: neft və qaz əməliyyatlarımızı, o cümlədən neft-kimya sahəsini. İkinci istiqamət – təşkilatın özünü dəyişmək, yəni şirkətin "DNT"sini dəyişmək, dayanıqlılıq mədəniyyətini gətirməkdir. Biz artıq buna başlamışıq və yaxşı nəticələr görürük. Əgər kimsə bunu etmək istəmirsə, biz onları inandıracağıq və bu prosesə cəlb edəcəyik. KPI-lardan da istifadə edirik və insanlar getdikcə daha çox anlamağa başlayırlar. Üçüncü istiqamət – aşağı karbonlu bizneslərə daxil olmaqdır, məsələn, bərpa olunan enerji istehsalı kimi. Bunu biz əvvəlki sessiyalarda da müzakirə etmişik, həmkarım da bu barədə danışıb".

"Biz neft-qaz seqmentində çox şanslıyıq, çünki çox geniş ixtisaslar mövcuddur. Bizim mütəxəssislərimiz var – mülki, kimya, mexaniki, elektrik mühəndisləri və s. Bundan başqa fəhlələr, ustalar, hüquqşünaslar, maliyyəçilər, mühasiblər də var. Onları məsələn, dayanıqlı və aşağı karbonlu bizneslərə yönəltmək o qədər də çətin deyil. SOCAR indiyə qədər bu hazırlıq üçün 300 min saatlıq təlim keçib", - deyə o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti