SLB: "Bahar" yatağı tam rəqəmsal aktiv kimi işləniləcək

Energetika
  • 02 iyun, 2026
  • 16:32
SLB: Bahar yatağı tam rəqəmsal aktiv kimi işləniləcək

"Bahar" yatağı tam rəqəmsal aktiv kimi formalaşdırılmalıdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin SLB şirkətinin inteqrasiya üzrə baş vitse-prezidenti Gökhan Yarım 31-ci Bakı Enerji Forumunda bildirib.

"Hazırda "Bahar" layihələndirmə mərhələsindən keçir. Buna baxmayaraq, o, yüz faiz rəqəmsal aktiv kimi qurulmalıdır. Bunun sayəsində biz məsaməli mühitdəki flüid fazasından başlayaraq magistral boru kəmərinə qədər istehsal zəncirinin hər bir konkret komponentinə nəzarət edə biləcəyik", - o deyib.

G. Yarım vurğulayıb ki, "Bahar" layihəsi çərçivəsində şirkətin mütəxəssisləri seysmik kəşfiyyatın ən qabaqcıl və müasir alətlərini tətbiq ediblər.

"Bir neçə müxtəlif məhsuldar layı tanımaq imkanı əldə etmək üçün süni intellekt texnologiyalarını işə saldıq. Biz işlənmə variantlarını təhlil edərkən - mümkün ssenarilər nələrdir, hansı tip quyuları qazmaq tələb olunacaq, onları necə yerləşdirmək lazımdır, xüsusən quyuların yerləşdirilməsi, maili-istiqamətləndirilmiş və üfüqi qazma texnologiyalarından istifadə etməklə onlar hansı istiqamətdə yönəldilməlidir. Quyuların tamamlanması mərhələsində optimal texnologiyaların seçilməsi müstəsna əhəmiyyət kəsb edirdi. Bu səbəbdən, biz bu aktiv üçün maksimum əmsallarının təmin edilməsi yollarını işləyib hazırlayırıq.

Kompleks yanaşmanı həyata keçirmək məqsədilə onu ikinci və hətta üçüncü dərəcəli hasilat üsullarına uyğun şəkildə layihələndiririk. Əminəm ki, "Bahar" layihəsi timsalında biz həqiqətən unikal bir işlə qarşı-qarşıyayıq. Mən bu layihənin həyata keçirilməsini böyük həvəslə gözləyirəm və bütün Azərbaycan və region üçün mükəmməl nəticələrin əldə olunacağına ümid edirəm", - G. Yarım deyib.

Xatırladaq ki, SOCAR və "Bahar Energy Limited" şirkəti 22 dekabr 2009-cu ildə "Bahar" və "Qum-dəniz" yataqları blokunda kəşfiyyat, bərpa, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar. Sazişə əsasən, layihədə "Bahar Energy Limited" şirkətinin payı 80 %, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı isə 20 % təşkil edir.

Müqavilə daha 5 il uzadılmaq imkanı ilə 25 il müddətinə nəzərdə tutulub. İnvestisiya proqramının həcmi ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir və bütün investisiyalar "Bahar Energy Limited" şirkəti tərəfindən həyata keçiriləcək. Müqavilə blokunda qalıq qaz ehtiyatları 25 milyard kubmetr həcmində qiymətləndirilir.