Səməd Bəşirli: "Azərbaycan bərpa olunan enerji sahəsində etibarlı tərəfdaşdır"
- 29 sentyabr, 2025
- 10:37

Azərbaycan həm ənənəvi resurslarda, həm də bərpa olunan enerji sahəsində etibarlı enerji tərəfdaşıdır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə (BCAW2025) deyib.
O qeyd edib ki, enerji siyasəti Azərbaycanın inkişafında və beynəlxalq mövqeyində əsas rol oynamaqda davam edir: "İrimiqyaslı günəş və külək layihələri, habelə Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji zonaları"nın yaradılması Azərbaycanı qlobal enerji keçidinin fəal iştirakçısına çevirir".
S.Bəşirlinin sözlərinə görə, "Bakı İqlim Fəaliyyəti Həftəsi" çox həssas bir dövrdə keçirilir: "Dünyada iqlim dəyişikliyi artıq qaçılmaz hal alıb, temperatur artır və bu reallıq bizdən qətiyyətli tədbirlərin həyata keçirilməsini tələb edir. Biz bu məsələnin öhdəsindən birlikdə gələcəyik".