Pərviz Şahbazov: "Hazırda türk şirkətləri azad edilmiş ərazilərdə 4 KSES layihəsində tərəfdaşımızdır"
- 04 sentyabr, 2025
- 14:29

Hazırda türk şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində - Kəlbəcər və Laçında ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyası (KSES) layihəsində tərəfdaş qismində iştirak edir.
"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.
Nazir əlavə edib ki, Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə hazırda ölçmə və qiymətləndirmə işləri aparılır:
"Türk şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası kimi inkişafında iştirakı həm qardaşlığımızın, həm də enerji həmrəyliyimizin bariz nümunəsidir. Bərpa olunan enerji, enerji saxlanc sistemləri, "yaşıl hidrogen", karbon tutma texnologiyaları, enerji səmərəliliyi, eləcə də energetikada bazar münasibətləri və tənzimləmə sahələrində Türkiyənin təcrübəsi və dəstəyi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki hər zaman və bütün proseslərdə olduğu kimi, "təmiz enerjili gələcək" yolunda da Türkiyəni ən böyük müttəfiqimiz hesab edirik".