"Özbəkneftqaz" və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

Energetika
  • 04 sentyabr, 2025
  • 16:38
Özbəkneftqaz və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın "Özbəkneftqaz" dövlət şirkəti sentyabrda bu ölkənin Üstyurt regionundakı investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması üçün əməliyyat şirkətinin qeydiyyat prosesini tamamlamağı planlaşdırırlar.

Bu barədə "Report" "Özbəkneftqaz"a istinadən xəbər verir.

"Özbəkneftqaz" və SOCAR rəhbərləri videokonfrаns formatında danışıqlar aparıblar. Görüş zamanı Özbəkistan Prezidentinin fərmanı ilə təsdiqlənmiş Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) icrasının gedişatı, həmçinin Üstyurt regionundakı investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin sürətləndirilməsi və başlanması üçün tədbirlər müzakirə edilib", - məlumatda bildirilib.

Tərəflər bu layihənin həyata keçirilməsinin texniki məsələlərini, həmçinin onun reallaşdırılması üçün operator şirkətin açılması ilə bağlı məsələləri müzakirə ediblər.

"Danışıqların nəticəsinə görə, sentyabrda operator şirkətin qeydiyyat prosesinin tamamlanması, seysmik kəşfiyyat işlərinin yeni müddətlərinin müəyyən edilməsi və layihənin ekoloji qiymətləndirilməsi prosedurlarının başlanması barədə razılıq əldə edilib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini imzalayıblar.

Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.

Proqnozlara görə, Üstyurt bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihə işə salındıqdan sonra Üstyurt yaylasında ildə 5 milyon ton neft hasil etmək imkanının yaranacağı güman edilir. Layihəyə ümumi investisiya 2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

"Özbəkneftqaz" ASC İdarə Heyətinin sədri Bahodirjon Sidikov daha əvvəl "Report"a verdiyi müsahibədə bildirmişdi ki, Özbəkistanın Üstyurt regionundakı investisiya bloklarında geoloji-kəşfiyyat işlərinə 2026-cı ilin birinci rübündə başlanılması planlaşdırılır.