Nazir: "Yaşıl enerji dəhlizləri İƏT regionunda emissiyaların azaldılması üçün vahid strateji platforma yaradacaq"

Energetika
  • 09 sentyabr, 2025
  • 14:11
Nazir: Yaşıl enerji dəhlizləri İƏT regionunda emissiyaların azaldılması üçün vahid strateji platforma yaradacaq

"Azərbaycan-Türkiyə-Avropa" və "Mərkəzi Asiya-Azərbaycan" yaşıl enerji dəhlizləri İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) regionunda emissiyaların azaldılmasına nail olmaq üçün vahid strateji platforma yaradacaq

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov İƏT-in Təmiz Enerji Mərkəzinin (CECECO) İdarə Heyətinin onlayn formatda keçirilən ilk iclasında bildirib

P. Şahbazov qeyd edib ki, Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi İƏT-in 17-ci Zirvə Toplantısının yekun sənədi - Xankəndi Kommunikesində də vurğulanır: "Mərkəzi təşkilat və üzv dövlətləri arasında mövcud və potensial enerji tərəfdaşlıqlarını gücləndirməklə, regionda bərpaolunan enerji layihələrinin inkişafını və enerji keçidini dəstəkləyəcək".

O vurğulayıb ki, hazırda üç İƏT üzvü - Türkiyə, Qazaxıstan və Özbəkistan ilə "yaşıl enerji dəhliz"lərinin yaradılması üzrə əməkdaşlıq edir: "Azərbaycan-Türkiyə-Avropa" və "Mərkəzi Asiya-Azərbaycan" yaşıl enerji dəhlizləri regional enerji əlaqələrinin və regional elektrik bazarının inkişafını hədəfləyən strateji təşəbbüslərdir. Bu layihələr İƏT regionunda enerji əməkdaşlığını möhkəmləndirəcək, regional enerji şəbəkələrini birləşdirəcək və emissiyaların azaldılmasına nail olmaq üçün vahid strateji platforma yaradacaq", deyə nazir əlavə edib".

O bildirib ki, ev sahibi ölkə olaraq Azərbaycan ədalətli enerji keçidi üzrə milli, regional və İƏT miqyaslı məqsədlərə töhfə verəcəyinə inanaraq Mərkəzi dəstəkləməyə sadiqdir.

İƏT-in Baş katibi Əsəd Məcid Xan Təmiz Enerji Mərkəzinin ev sahibliyini üzərinə götürdüyü üçün Azərbaycana təşəkkürünü çatdırıb. Baş katib bildirib ki, Mərkəzin fəaliyyətə başlaması üçün göstərilən səylər Azərbaycanın regional əməkdaşlığın və karbon emissiyasının azaldılması gündəliyinin irəlilədilməsində qərarlı və fəal rolunun sübutudur. Əminik ki, Mərkəz regional davamlı enerji mərkəzlərinin qlobal şəbəkəsinin güclü komponentinə çevriləcək.

İclasda Təşkilata üzv dövlətlər - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Pakistan və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) təmsil olunub. Ölkələrin "yaşıl enerji" gündəliyini qlobal tendensiyalara uyğun və koordinasiyalı həyata keçirməsi üçün Mərkəzin fəaliyyətində fəal iştirak və dəstək göstəriləcəyi vurğulanıb.

İclas zamanı Mərkəzin Daxili Qaydaları təsdiqlənib və Aysel Yaqubova Təmiz Enerji Mərkəzinin icraçı direktoru təyin edilib. İdarə Heyətinin ikinci iclasının 2026-cı ilin birinci yarısında keçirilməsinə qərar verilib.