"Masdar": Azərbaycanda günəş və külək stansiyaları üzrə şəbəkə təhlili aparılır

Energetika
  • 29 oktyabr, 2025
  • 12:43
Masdar: Azərbaycanda günəş və külək stansiyaları üzrə şəbəkə təhlili aparılır

Azərbaycanda inşa olunan iki günəş və bir külək elektrik stansiyasının hər biri üzrə şəbəkə təhlili və şəbəkəyə təsirin qiymətləndirilməsi hesabatı hazırlanır.

"Report" xəbər verir ki, bunu "Masdar Azerbaijan" şirkətinin ölkə meneceri Murad Sadıqov Bakıda keçirilən XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, həmin hesabatlar əsasında müxtəlif ssenarilər hazırlanır: "Şəbəkənin dayanıqlığını təmin etməklə bu stansiyaların ən optimal şəkildə inteqrasiyası nəzərdə tutulur. Gələcək layihələrdə enerji saxlanc sistemlərinin birbaşa stansiyaların özündə yaradılması vacibdir. Əks halda, bərpa olunan enerji mənbələrinin qeyri-sabitliyi ümumi enerji sisteminin tarazlığını poza bilər. Məsələn, Qaradağ günəş elektrik stansiyası günəş radiasiyasından asılı olaraq enerji istehsal edir. Hava buludlu və ya tutqun olduqda istehsal azalır və bu zaman "AzərEnerji" itirilən enerjini digər stansiyalar hesabına kompensasiya etməlidir. Bu, sistemin sabitliyi baxımından çox ciddi məsələdir və onun qarşısının alınması üçün həm dövlət, həm də investorlar tərəfindən tədbirlər görülür".

M. Sadıqov əlavə edib ki, "yaşıl enerji" sahəsində orta və kiçik həcmli layihələrin reallaşmasında yerli banklar və maliyyə institutları mühüm rol oynaya bilər:

"Bu, "yaşıl istiqrazlar"ın maliyyələşdirilməsi hesabına mümkündür. Kiçik layihələr adətən daha qısamüddətli olur və investisiyanın geri dönüşü daha tez baş verir. Əlbəttə, risklərin paylaşdırılması burada əsas məsələdir, lakin belə layihələrdə risklərin idarə olunması daha real və asan olur. Bununla yanaşı, bu sahədə yerli bizneslə beynəlxalq şirkətlər arasında əməkdaşlıq da çox vacibdir".

Son xəbərlər

Bütün Xəbər Lenti