KMG: BTC ilə təxminən 3,4 milyon ton Qazaxıstan nefti nəql edilib

Energetika
  • 02 oktyabr, 2025
  • 10:46
KMG: BTC ilə təxminən 3,4 milyon ton Qazaxıstan nefti nəql edilib

Astanada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın "KazMunayQaz" (KMG) şirkəti arasında sazişin imzalanmasından bəri Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Qazaxıstandan nəql edilən neftin ümumi həcmi təxminən 3,4 milyon ton neft təşkil edib.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə KMG-nin rəhbəri Asxat Xasenovun Astanada SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşünün yekunlarına dair məlumatda bildirilib.

Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər, BTC marşrutu üzrə karbohidrogenlərin nəqlinin statusunu və planlarını müzakirə ediblər.

"Bu istiqamət üzrə tranzit haqqında sazişin imzalanmasından bəri KMG və SOCAR-ın törəmə şirkətləri tərəfindən paritet əsasda təxminən 3,4 milyon ton Qazaxıstan nefti daşınıb", - məlumatda qeyd edilib.

R.Nəcəf və A.Xasenov, həmçinin KMG, SOCAR, "Tatneft" və "Uzbeknefteqaz" arasında rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində dördtərəfli memorandumların həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

"KMG Qazaxıstan və Azərbaycanın tranzit potensialının inkişafına, həmçinin Qazaxıstan neftinin beynəlxalq bazarlara ixracının artırılmasına yönəlmiş SOCAR ilə strateji əməkdaşlığın gücləndirilməsinə sadiqdir. Biz, həmçinin azərbaycanlı tərəfdaşlar ilə geoloji kəşfiyyat, aşağı karbonlu inkişaf, birgə investisiya layihələrinin həyata keçirilməsində maraqlıyıq", - A.Xasenov qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə KMG və SOCAR arasında Qazaxıstan neftinin tranziti haqqında baş saziş imzalanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti