İzmirdə Azərbaycan-Türkiyə IV Enerji Forumu başlayıb

Energetika
  • 04 sentyabr, 2025
  • 13:19
İzmirdə Azərbaycan-Türkiyə IV Enerji Forumu başlayıb

Türkiyənin İzmir şəhərində Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilir.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə enerji sektorunda əməkdaşlığın inkişafını nəzərdə tutan Forum Protokolu imzalanacaq.

Tədbirdə Azərbaycan və Türkiyənin energetika nazirləri ilə yanaşı, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev də forumun açılışında iştirak edir.

Forum çərçivəsində iki ölkə nümayəndə heyətlərinin görüşləri də keçiriləcək.

Forum Türkiyə və Azərbaycanın müvafiq dövlət və özəl sektorlarının iştirakı ilə yaradılmış altı İşçi Qrupu vasitəsilə fəaliyyət göstərəcək. Forumda həmçinin "Karbohidrogenlər və neft-kimya", "Bərpa olunan enerji", "Elektrik enerjisi bazarı, bölüşdürülməsi və ötürülməsi", "Tənzimləmə", "Enerji səmərəliliyi", "Mədən sənayesi" üzrə işçi qrupların işi müzakirə olunacaq.

Forumda müxtəlif əməkdaşlıq fəaliyyətlərinin əsasını qoyan Forum Protokolu da imzalanacaq.

Bu protokola əsasən, tərəflər enerji sahəsində fəaliyyət göstərən qlobal və regional təşkilatlar və qurumlar arasında əməkdaşlıq və koordinasiyanı gücləndirmək,  saxlamaq barədə razılığa gələcəklər.