İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" həlləri müzakirə olunub

Energetika
  • 29 sentyabr, 2025
  • 14:58
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji həlləri müzakirə olunub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" həlləri müzakirə olunub.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr işğaldan azad edilmiş ərazilərdə "yaşıl texnologiyalar"ın və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun 10-cu iclasında aparılıb.

Məlumata görə, İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Bildirilib ki, ölkəmizin sosial-iqtisadi inkişafının və Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə hazırlanmaqda olan yeni strateji sənədlərdə yaşıl texnologiyaların təşviqi, ərazilərdə enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi mühüm istiqamətlər kimi nəzərdə tutulur.

İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına dair məlumat verilib, "yaşıl enerji" zonasının yaradılması üzrə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib.

Şuşa, Kəlbəcər və Cəbrayıl şəhərləri, Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərində, eləcə də Laçın və Kəlbəcərdə olan su elektrik stansiyalarında aparılmış monitorinqlərin nəticələri nəzərdən keçirilib.

Horovlu kəndində 334 fərdi yaşayış evində damüstü günəş panellərinin şəbəkəyə qoşulması üzrə atılmış addımlar, Şuşa və Laçın şəhərləri, həmçinin Zabux kəndinin əhalisi üçün təşkil edilmiş bərpa olunan enerji mənbələrindən istifadəyə dair praktiki tövsiyələri əhatə edən maarifləndirilmə tədbirləri haqqında məlumat verilib. Binalarda yüksǝk enerji sǝmǝrəliliyini tǝmin etmǝk mǝqsǝdilǝ görülmüş tədbirlər, ərazidə quraşdırılmış LED işıqlandırma dirəkləri, günəş əsaslı hibrid işıqlandırma qurğuları, elektrik doldurma məntəqələri, istismar edilən elektrikli avtobuslar və ictimai binalarda quraşdırılmış günəş panellərinin statistikası təqdim edilib.

İşğaldan azad edilmiş ərazilərdə ekoloji baxımdan mütərəqqi həllərin tətbiqi, enerji istehlakında qənaət imkanlarının genişləndirilməsi, pilot layihələrin həyata keçirilməsi, müasir texnologiyaların sınaqdan keçirilməsi, həmçinin monitorinq və uçot mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.

İclasda İşçi Qrupuna üzv dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və "Bərpa Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxslərin, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azəristiliktəchizat" ASC-nin nümayəndələri iştirak edib.

Son xəbərlər

Bütün Xəbər Lenti