Argentinada əmək islahatına qarşı genişmiqyaslı aksiya keçirilir
- 20 fevral, 2026
- 02:50
Argentina Prezidenti Xavyer Mileyin dəstəklədiyi əmək qanunvericiliyinin islahatı üzrə Konqresin aşağı palatasında bu gün keçiriləcək əsas səsvermə fonunda həmkarlar ittifaqlarının ümummilli tətili keçirilir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, islahat investisiyaların cəlb edilməsinə, məşğulluğun artırılmasına və iqtisadi artımın bərpasına yönəlib. Lakin həmkarlar ittifaqı üzvlərinin fikrincə, bu, işçilərin hüquqlarını pozacaq.
Argentinanın ən böyük həmkarlar ittifaqı birliyi CGT bildirib ki, təklif olunan islahat əmək adamlarının müdafiəsinə dair çoxdan mövcud olan təminatlara, o cümlədən tətil hüququna təhdid yaradır. Cavab olaraq, o, nəqliyyat işçilərinin, dövlət qulluqçularının və bank əməkdaşlarının iştirakı ilə ölkənin bir hissəsini iflic edən 24 saatlıq tətil təşkil edib.
Dövlət aviaşirkəti "Aerolineas Argentinas" tətillə əlaqədar 255 reysi ləğv edə və təxminən 300 milyon dollar zərər görə bilər. Buenos-Ayresdə metro və bir çox avtobusların işi də dayandırılıb.
Etirazlara Dənizçilər Federasiyası qoşulub ki, bu da dünyanın ən böyük kənd təsərrüfatı məhsulları ixracı mərkəzlərindən biri olan Rosario limanında yük gəmilərinin işini dayandırıb.