IFC: Azərbaycana energetika sahəsində pilot ofşor layihəsi lazımdır
- 26 sentyabr, 2025
- 12:44

Azərbaycan üçün başlıca prioritet bərpa olunan enerji sahəsinə investisiyaların təmin edilməsi və şəbəkə infrastrukturunun inkişafıdır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) investisiya mütəxəssisi Vyaçeslav Qordiyenko Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda artıq 1,7 giqavatt güc mövcuddur və 2027-ci ilədək olan dövrü əhatə edən layihələr üzrə bölüşdürülüb.
"Dünya Bankı Qrupu ilə sıx əməkdaşlıq çərçivəsində bərpa olunan enerji sahəsində irimiqyaslı investisiya proqramının həyata keçirilməsi ümidverici faktdır. Şəbəkə məsələləri ilə yanaşı, bizim üçün o da aydındır ki, şəbəkə gücləri problemi həll edildikdən sonra təbii olaraq gəlirlərin proqnozlaşdırılması mümkünlüyü ilə bağlı məsələ ortaya çıxır. Burada dövlət-özəl tərəfdaşlığı (PPA) müqavilələri mühüm rol oynayır - elektrik enerjisinin etibarlı alıcısına malik olmaq vacibdir. Bununla yanaşı, müqavilənin qüvvədə olma müddəti kreditin ödəniş müddəti ilə üst-üstə düşməlidir ki, bu da investorların marağını son dərəcə artırır.
Ofşor layihələrə gəlincə, 200 meqavatt gücün yaradılması müsbət qarşılanır. Lakin vurğulamaq vacibdir ki, bu, pilot layihə deyil. Mövzunun mürəkkəbliyinə baxmayaraq, məhz gələcəkdə reallaşdırmaq üçün istinad nöqtəsi olacaq pilot ofşor layihəni başlatmaq faydalı olardı. Əks halda, belə təəssürat yarana bilər ki, bu imkanlar bir ölkə üçün həddindən artıq genişmiqyaslıdır", - IFC mütəxəssisi qeyd edib.