"Halliburton": Artıq ənənəvi üsullarla yüksək nəticələr əldə etmək mümkün deyil

Energetika
  • 25 noyabr, 2025
  • 11:24
Halliburton: Artıq ənənəvi üsullarla yüksək nəticələr əldə etmək mümkün deyil

Artıq ənənəvi üsullarla yüksək nəticələr əldə etmək mümkün deyil.

"Report" xəbər verir ki, bunu "Halliburton" şirkətinin Şərqi Yarımkürə üzrə Prezidenti Şannon Slokum Bakıda keçirilən "SPE Xəzər Texniki Konfransı"nda deyib.

Onun sözlərinə görə, süni intellekt neft sənayesini yeni mərhələyə daşıyır: "Neft-qaz sənayesi son onilliklərdə böyük texnoloji transformasiya yaşayır. Bu gün müştərilərimiz 16 kilometrdən artıq uzunluğa malik quyuları tam avtonom şəkildə, heç bir müdaxilə olmadan qazmağı bacarırlar".

Şirkət rəsmisi bildirib ki, bu nailiyyət təkcə sürət baxımından deyil, həm də yatağın keyfiyyətinin dəqiqliklə müəyyən edilməsində əhəmiyyətlidir: "Əvvəllər geofiziklər bir ölçülü modellərlə uzun müddət işləyirdi. İndi isə 3D və 4D modellər real vaxtda yenilənir. Qazma avadanlığı 100 fut irəlini görə bilir, modellər saniyələr içində dəyişir və qərarlar avtomatik verilir".

Onun sözlərinə görə, süni intellekt və avtomatlaşdırma yaxın illərdə sənayenin inkişafında həlledici rol oynayacaq: "İndiki texnologiya qazma prosesində yükü, vibrasiyanı, ROE ( Return on Equity - müəssisə ümumi kapitalından istifadə edərək nə qədər mənfəət əldə etdiyini göstərən əmsal) göstəricilərini və digər parametrləri analiz edərək avtonom qərarlar verir. Bu, sənayenin keçdiyi yolun bariz göstəricisidir və gələcəkdə süni intellekt bizi daha irəli aparacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti