Emil Alxaslı: "Sənaye 4.0 SOCAR üçün əməliyyat səmərəliliyini artıran fəaliyyət növüdür"
- 23 dekabr, 2025
- 14:02
Sənaye 4.0 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün əməliyyat səmərəliliyini artıran fəaliyyət növüdür.
"Report" xəbər verir ki, bunu "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı II Azərbaycan-Türkiyə investisiya forumunda deyib.
O bildirib ki, SOCAR üçün Sənaye 4.0 anlayışı bir trend deyil: "Bu, bizim üçün daha çox əməliyyat səmərəliliyini artıran, konkret göstəricilərlə nəticələnən bir fəaliyyət növüdür. Biz bu əməliyyatları həyata keçirməklə istehsalatda səmərəliliyin təmin olunmasına çalışırıq. Hazırda praktiki olaraq bir sıra müəssisələrimizdə rəqəmsallaşma layihələri icra edirik".
E.Alxaslı bildirib ki, şirkət ilk növbədə proseslərin avtomatlaşdırılmasına və mövcud məlumatlardan maksimum dərəcədə istifadəsinə çalışır: "Burada söhbət müəssisələrin idarə edilməsinə avtopilot olaraq dəstəyin göstərilməsindən gedir. Bunun nəticəsində biz enerji verimliliyinin yaxşılaşdırılmasına və istehsalat güclərinin artırılmasına nail oluruq".
Onun sözlərinə görə, ikinci əsas məsələ sənayedə əşyaların interneti (IoT) və məlumatların real toplanması və inteqrasiyasının təminidir: "Burada biz daha çox müəssisələrimizdə təhlükəsizliyin təmin olunması və məlumatların real rejimdə toplanması, həmçinin müvafiq addımların atılmasını göstərə bilərik. Üçüncü əsas məqamda süni intellektin tətbiqi ilə əməliyyatlarımızın mümkün variantlar arasından optimalının seçilməsi, məlumatların doğru-düzgün analizi və "predictive maintenance" (proqnozlaşdırıcı texniki xidmət) və digər tərəfləri keçir".
Qərar vermədəki dəyişikliklərdən danışarkən SOCAR rəsmisi artıq keçmişə yönümlü məlumatlara əsaslanaraq qərar vermədən, daha çox gələcəyə yönümlü tövsiyələr verən bir yanaşmada qərarların qəbul edilmə mexanizminə keçildiyini diqqətə çatdırıb: "Bu zaman ən çətin tərəf heç də texnologiya ilə bağlı deyil. Çünki hazırda istifadə oluna biləcək bir sıra alətlər, tətbiqlər və ya yaradıla biləcək yanaşmalar mövcuddur. Ən böyük çətinlik isə insan faktoru və mədəniyyət dəyişimi ilə bağlıdır. Çünki şirkətlərdə olan rəqəmsal dönüşüm bir İT layihəsi deyil, bu bir liderlik və mədəniyyət dəyişimi layihəsidir. Bizim icra etdiyimiz bir sıra layihələrdə də ən böyük çətinliyi bu sahədə görürük. Bu istiqamətdə biz həmkarlarımızın yeni texnologiyalara öyrədilməsi, bir sıra praktiki üsullardan istifadə etməsi, kurslardan keçməsini təmin edirik. Digər tərəfdən Karbamid Zavodunda yaratdığımız Rəqəmsal Akademiya tərəfindən bir sıra həllərin tətbiq olunmasına və sonra da bir zavodda olan mükəmməllik layihəsinin digər zavodlarda tətbiq etməyə çalışırıq".
E.Alxaslı burada ən önəmli məsələnin güvənin yaradılmasından ibarət olduğunu deyib: "Biz nə qədər də avtomatlaşmaya doğru getsək də, operator və yaxud sahədəki çalışanların ilk öncə niyə həmin proqram təminatına güvənməli olduqlarını və bunun nəticəsində onun faydasının və ya verimliliyin nə olacağını bilməsi lazımdır. O baryeri keçdiyiniz, o güvəni əldə etdiyiniz zaman artıq onlar bu aləti əlavə yük deyil, daha çox kömək edən və işlərini rahatlaşdıran bir alət kimi görürlər".