Elmir Musayev: "SOCAR Green" üçün əsas çağırışlardan biri şəbəkənin optimallaşdırılmasıdır"
- 30 sentyabr, 2025
- 16:10

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Green" şirkəti üçün Azərbaycanda əsas çağırışlardan biri şəbəkənin optimallaşdırılmasıdır.
"Report" xəbər verir ki, bunu "SOCAR Green"nin Baş direktoru Elmir Musayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.
Onun sözlərinə görə, məsələyə geniş mənada yanaşıldlqda bunu qlobal olaraq ümumi problem saymaq olar: "Azərbaycanın enerji keçidi üçün qarşılaşdığımız əsas çağırışlardan biri şəbəkənin optimallaşdırılmasıdır. Biz şəbəkə operatoru ilə, digər qurumlarla, bunun necə optimallaşdırıla biləcəyi barədə fikir mübadiləsi aparmaq üçün müxtəlif növ tərəfdaşlarla işləyirik. Şəbəkə həllərindən danışanda, biz mini-şəbəkələr, desentralizasiya, enerji saxlama, o cümlədən hidroakkumulyasiya, batareya enerji saxlama sistemləri, müxtəlif növ batareya texnologiyaları haqqında danışırıq. Əvvəllər litiumdan danışırdıqsa, indi artıq vanadium batareyaları gündəmə gəlib. Ona görə də biz Azərbaycanda tətbiq edilə biləcək texnologiyaları izləməyərək şəbəkəni daha optimalaşdırılmış etməyə, sistemə daha çox bərpa olunan enerji inteqrasiya etməyə çalışırıq".
E.Musayev hesab edir ki, ikinci mühüm çağırış maliyyə ilə bağlıdır: "Biz maliyyədən danışırıq, çünki bu layihələrin maliyyələşdirilməsi, ehtimal ki, əsas elementlərdən biridir. Maliyyə COP29 zamanı da ən vacib mövzulardan biri idi. Lakin bir şirkət kimi, investisiya tərəfinin nümayəndəsi kimi, düşünürəm ki, xüsusilə əsas maliyyə dəstəkçilərindən olan beynəlxalq maliyyə institutları üçün daha çox iş görülməlidir. Düşünürəm ki, bunu çox mürəkkəb və bürokratik etmək əvəzinə, biznes baxımından bir az daha səmərəli və faydalı olmalıdır".
Onun sözlərinə görə, digər vacib məqam insan kapitalının inkişafı ilə bağlıdır: "Bizim üçün insan kapitalından söhbət gedəndə, ehtimal ki, birinci yerdədir. Təkcə gələcək nəsillər üçün mühəndislərin hazırlanmasından danışmırıq, sənayedə məlumatlılıqdan danışırıq. Beləliklə, hər birimiz bu mövzunun əhəmiyyətini dərk etməliyik. Bu təkcə inkişaf, mühəndislik və maliyyə bilikləri haqqında deyil, həm də mövzunun əhəmiyyətini anlamaq haqqındadır ki, hamımız hansısa hərəkətlər edə bilək. Çünki, yenə də, hamımız bu istiqamətdə hərəkət etməsək, hədəflənmiş nəticələrə nail olmaq mürəkkəb və çətin olacaq".