Corc Satlas: "IGB interkonnektoru Moldova və Ukraynaya qaz tədarükünü genişləndirəcək"

Energetika
  • 28 noyabr, 2025
  • 15:20
Corc Satlas: IGB interkonnektoru Moldova və Ukraynaya qaz tədarükünü genişləndirəcək

Azərbaycan təbii qazının Bolqarıstana çatdırılmasını təmin edən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə boru kəmərinin 2022-ci il oktyabrın 1-də kommersiya əməliyyatlarına başlamasından bu ilin oktyabr ayının sonunadək Yunanıstandan Bolqarıstana ümumilikdə 39 milyon 854 min 049 MWh həcmdə qaz nəql olunub.

"Report" xəbər verir ki, bu barədə interkonnektorun müstəqil operatoru olan ICGB şirkəti məlumat yayıb. Hesabat dövründə IGB ilə virtual əks axınla Yunanıstana da 1 milyon 919 min 228 MWh qaz ötürülüb.

Təkcə bu ilin yanvar-oktyabr aylarında Yunanıstandan Bolqarıstana 8 milyon 486 min 142 MWh, əks axınla isə 153 milyon 062 min MWh həcmində qaz tədarük olunub.

IGB, Bolqarıstana diversifikasiya olunmuş təbii qaz təchizatı üçün ilk marşrut kimi qəbul edilir və bu boru xətti ölkənin daxili tələbatının 50 %-indən çoxunu təmin edir.

Məlumata görə, interkonnektor Şaquli Qaz Dəhlizinin əsas komponenti kimi regionda mühüm rol oynayır. Bu təşəbbüs cənubdan şimala doğru miqyaslana bilən, iki istiqamətli qaz axınlarını dəstəkləyən və region ölkələrinin LNG və digər alternativ mənbələrə çıxışını genişləndirən infrastruktur kimi nəzərdə tutulub.

ICGB müstəqil ötürmə sistemi operatoru kimi hazırda regional enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə 2-ci və 3-cü Marşrutların işə salınması üzərində tərəfdaşlarla fəal əməkdaşlıq aparır. Bu marşrutlar Moldova və Ukrayna kimi bazarlara qaz tədarükü üçün yeni imkanlar açır. Şirkətin təqdim etdiyi yeni tutum məhsulları isə regionda dəyişən enerji təhlükəsizliyi dinamikasına uyğun çevik bazar həlləri kimi qiymətləndirilir.

ICGB-nin Bolqarıstan üzrə icraçı direktoru Teodora Georgiyeva bildirib ki, son aylarda əldə edilən nəticələr IGB-nin arxasında dayanan güclü tərəfdaşlığın göstəricisidir:

"Azərbaycanla illərdir davam edən əməkdaşlıq və uzunmüddətli qaz müqaviləsinin yaratdığı sabitlik Bolqarıstan və daha geniş region üçün fundamental əhəmiyyət daşıyır. Eyni zamanda, Şaquli Qaz Dəhlizi ABŞ LNG-si də daxil olmaqla diversifikasiya olunmuş təchizat üçün yeni imkanlar açır və regional bazarların dayanıqlığını artırır".

Parallel olaraq ICGB interkonnektorun genişləndirilməsi layihəsi üzərində işləyir. Bu çərçivədə boru xəttinin illik ötürücülük qabiliyyəti 3 milyard kubmetrdən 5 milyard kubmetrədək artırılacaq. Genişlənmə layihəsi artıq şirkətin səhmdarlarının təsdiqi mərhələsindədir, satınalma strategiyası təsdiqlənib və ilk qaz ölçmə stansiyasının layihələndirilməsi tamamlanıb. ICGB layihənin maliyyələşdirilməsi üçün beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ qurumları ilə sıx əməkdaşlığını davam etdirir.

ICGB-nin Yunanıstan üzrə icraçı direktoru Corc Satlas isə qeyd edib ki, IGB-nin cari göstəriciləri boru xəttinin Cənub-Şərqi Avropanın strateji dayaqlarından birinə çevrildiyini sübut edir:

"2-ci və 3-cü Marşrutlara yüksək maraq diversifikasiya olunmuş LNG və digər mənbələrə çıxışa tələbatı təsdiqləyir. Bu marşrutlar Moldova və Ukrayna kimi təhlükəsizlik baxımından həssas bazarların təchizatda davamlılığını gücləndirir".

O əlavə edib ki, ICGB inkişafın növbəti mərhələsinə keçdikcə, bu dəhlizə etibar edən bütün ölkələr üçün etibarlı və çevik enerji şəbəkəsinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirəcək.

Xatırladaq ki, IGB interkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının II mərhələsindən hasil olunan qazın Bolqarıstana nəqlini təmin edir. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" çərçivəsində 1 milyard kubmetr qazın tədarükü üçün konsorsiumla uzunmüddətli müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 km olan interkonnektorun 150 km-i Bolqarıstan ərazisindən keçir.

Son xəbərlər

Bütün Xəbər Lenti