BP Üzeyir Hacıbəylinin irsinin qorunmasına töhfə verib
- 17 oktyabr, 2025
- 13:07

BP şirkəti Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə dahi bəstəkarın misilsiz irsinin qorunmasına töhfə olan xüsusi kitablar komplektinin nəşrinə dəstək verib.
"Report" xəbər verir ki, layihə Azərbaycanın mədəni irsinin, o cümlədən onun zəngin tarixinin və əsrarəngiz sənət xəzinəsinin təbliği və tədqiqinə dəstək istiqamətində BP-nin davamlı öhdəliyini əks etdirir.
Yeni nəşrlər dünən BP-nin Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbirdə ictimaiyyətə təqdim olunub. Tədbirdə həmçinin bəstəkarın şah əsərlərindən ibarət konsert proqramı da yer alıb.
Yeni təqdim olunan nəşrlər Üzeyir Hacıbəylinin indiyə kimi çap olunmamış əsərlərindən ibarət nəşrlər komplekti, bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotoalbom və Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyi üçün məlumat kitabçasından ibarətdir.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu nəşrləri təqdim etmək böyük şərəfdir: "Bu, Üzeyir Hacıbəylinin möhtəşəm irsinə və Azərbaycanın milli musiqisinə verdiyi əvəzsiz töhfələrə dərin ehtiramımızın ifadəsidir. Onun milli musiqimizin ruhu və nəfəsi ilə yoğrulmuş və dünya musiqi ritmləri ilə zənginləşdirilmiş, dərin sənət ustalığı və emosional dolğunluqla yaradılmış əsərləri bu gün də həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda insanları ruhlandırır. Ümid edirik ki, bu nəşrlər Üzeyir bəyin nəhəng irsinin və onun yalnız bir bəstəkar kimi deyi, həm də böyük alim və publisist kimi gələcək nəsillərin formalaşmasına zamansız təsir gücünün daim yaşamasına xidmət edəcək".
Ümumi dəyəri 127 560 manat (75 035 ABŞ dolları) olan bu layihə "Azərnəşr" tərəfindən həyata keçirilib. Bu məbləğ yeni nəşrlərin toplanması, hazırlanması və çapını, həmçinin konsert proqramının təşkilini əhatə edir.