BP: AÇG-də seysmik məlumatların toplanması "Qarabağ" yatağının tədqiqatı dövründə aparılmayacaq
- 07 noyabr, 2025
- 15:51
"Azəri-Çıraq-Günəşli" (AÇG) müqavilə sahəsində seysmik məlumatların toplanması "Qarabağ" layihəsi çərçivəsində tədqiqatı dövründə həyata keçirilməsi üçün planlaşdırılmayıb.
"Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin nümayəndəsi Ülviyyə Seyidməmmədova "Qarabağ" layihəsi çərçivəsində aparılacaq seysmik tədqiqat proqramına dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin müzakirəsi məqsədilə keçirilən onlayn görüş zamanı bildirib.
Onun sözlərinə görə, "Əşrəfi-Dan Ulduzu" (ƏDUA), "Aypara", "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" müqavilə sahələrində bir sıra seysmik-kəşfiyyat tədqiqatlarının aparılması planlaşdırılır: "AÇG müqavilə sahəsində seysmik məlumatların toplanmasının "Qarabağ" layihəsinin tədqiqatı dövründə həyata keçirilməsi üçün planlaşdırılmayıb. "Şahdəniz" müqavilə sahəsi "Qarabağ" seysmik tədqiqat sahəsindən daha uzaq məsafədə yerləşdiyinə görə əlavə sualtı səsin dəniz faunasına təsirləri az əhəmiyyətli hesab edilir".
Ü. Seyidməmmədova qeyd edib ki, suiti populyasiyasına kumulyativ təsirləri minimuma endirmək üçün "Qarabağ" və ƏDUA seysmik tədqiqatlarının hər ikisinin mərkəzi və cənub Xəzərdə suitilər üçün həssaslığın aşağı olduğu dövrdə aparılması planlaşdırılır: "Qarabağ" müqavilə sahəsində tədqiqat gəmisindən dizel yanacağı ehtiyatının tam itirilməsi ilə nəticələnən dağılma halının modelləşdirilməsi göstərir ki, dağılmanın Türkmənistanın orta xəttini keçməsi ehtimalı çox kiçikdir: cəmi 3 %-ə qədər".
Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu layihədə iştirak payının alınmasına dair müqavilələr imzalayıb. "Qarabağ" yatağı, Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşir.
İlkin hesablamalara görə, "Qarabağ" yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.