Azərbaycanda günəş panellərinin effektivliyi açıqlanıb
- 25 sentyabr, 2025
- 14:55

Bu gün Azərbaycanda günəş panellərinin effektivliyi təxminən 25 %-dir.
"Report" xəbər verir ki, bunu "Provitaz LLC" şirkətinin təsisçisi və baş icraçı direktoru Emin Məmmədov Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda bərpa olunan enerji sahəsinin inkişafında günəş panelləri mühüm əhəmiyyət kəsb edir: "Onların effektiv olması çox vacibdir. Ən son yenilənmiş panellərə sahib olmaq lazımdır. Müştərilərimiz bəzən panellər arasındakı fərqi başa düşmürlər. Amma onlara panellər arasındakı fərqi izah etməli və panellərin effektivliyini və müxtəlif növ panelləri göstərməliyik. Hazırda günəş panellərinin effektivliyi 25 %-ə yaxınlaşıb. 2013-cü ildə bu göstərici maksimum 15 % idi".
O qeyd edib ki, son 10 ildə inverter cihazlarda da dəyişikliklər baş verib: "İndi inverterlərin şəbəkə ilə inteqrasiyası vacib məsələlərdən biridir. Söhbət onların şəbəkəyə inteqrasiyasından gedir".