Azərbaycan Bolqarıstan və İraqda kəşfiyyat işlərinin aparılması imkanını öyrənib

Energetika
  • 15 sentyabr, 2025
  • 13:50
Azərbaycan Bolqarıstan və İraqda kəşfiyyat işlərinin aparılması imkanını öyrənib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstan və İraqda axtarış-kəşfiyyat işlərinin aparılması imkanını öyrənib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü il üzrə hesabatında deyilir.

"2024-cü ildə Bolqarıstan və İraqda axtarış-kəşfiyyat layihələri qiymətləndirilib və investisiya qərarlarının qəbul edilməsi üçün SOCAR rəhbərliyinə təkliflər verilib", - hesabatda qeyd olunur.

Həmçinin ötən il Azərbaycanın quru sahələrində neft-qaz hövzələrinin perspektivliyinin qiymətləndirilməsi həyata keçirilib.

Xüsusilə yüksək karbohidrogen potensialına malik "Məşəl" strukturunun dayaz laylarının qaz ehtiyatları, "Qoşadaş" strukturu və "Oğuz" perspektivli sahələri qiymətləndirilib.

Cənubi Xəzər hövzəsinin cənub-qərb bortunda gələcək axtarış-kəşfiyyat işlərinin və sahənin geologiyasını, tektonikasını və karbohidrogen potensialını qiymətləndirmək üçün sahə daxilində əvvəllər qazılmış və uğursuz nəticələnmiş "Kürdaşı", "Atəşgah", "Yanan Tava", "Muğan-Dəniz" və "Talış-dəniz" quyuları təhlil edilib.

"Abşeron" qaz-kondensat yatağında "Fasilə-altı" layların karbohidrogen potensialı yenidən qiymətləndirilib və hazırkı əməliyyat şirkəti (JOCAP) və "Total" şirkəti ilə SOCAR-ın bu məsələ ilə bağlı texniki-iqtisadi mövqeyi paylaşılıb.

2024-cü ilində "Naftalan" yatağının Mezozoy çöküntülərinin geoloji-geofiziki öyrənilməsinə və resurs və risklərin qiymətləndirilməsinə başlanılıb. "Naftalan" yatağının axtarış-kəşfiyyat portfelinə daxil edilməsi və axtarış quyusunun qazılması üçün işlərin davam etdirilməsinə qərar verilib.

Hesabata əsasən, yataqların yenidən qiymətləndirilməsi və quyuların kəşfiyyat obyektlərinə qaytarılması nəticəsində 2024-cü ildə "Azneft" İstehsalat Birliyinin yataqları üzrə karbohidrogen ehtiyatlarının əvəzlənməsi 77,4 % təşkil edib. Ehtiyat artımı 8,4 milyon ton neft ekvivalentində olub.

Son xəbərlər

Bütün Xəbər Lenti