ASCO-nun Gəmi Təmiri Zavodunda hasil edilmiş günəş enerjisinin həcmi açıqlanıb
- 04 sentyabr, 2025
- 10:35

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bibiheybət" Gəmi Təmiri Zavodunda ötən ilin oktyabrında quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 112 082 kilovat/saat (kVt/s) enerji hasil olunub.
"Report" ASCO-ya istinadən xəbər verir ki, bəzi günlərdə enerji hasilatı 700–800 kV/ts səviyyəsinə yaxınlaşıb.
Hesablamalara əsasən, ötən müddətdə təxminən 80 tona yaxın karbon qazı (CO₂) emissiyasının qarşısı alınıb. Bu, ekoloji baxımdan təxminən 6 100 ağacın qorunmasına bərabər fayda deməkdir. Həmçinin 43,9 ton daş kömürə qənaət olunub ki, bu da enerji hasilatında fosil (qalıq) yanacaqlardan istifadənin azalmasını göstərir.
Qeyd edək ki, "Bibiheybət" Gəmi Təmiri Zavodunun 512 kvadratmetr ərazisində hər biri 690 Vt gücündə olan 162 ədəd günəş paneli quraşdırılıb.