2025-2026-cı illərdə Azərbaycanda gözlənilən qaz hasilatının həcmi açıqlanıb
- 05 noyabr, 2025
- 12:04
Bu il Azərbaycanda əmtəəlik qaz hasilatının 38,6 milyard kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da 2024-cü ilin göstəricisinə uyğundur.
"Report" "Büdcə zərfi"nə istinadən xəbər verir ki, 2026-cı ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 48 milyard 437 milyon kubmetr təşkil edəcəyi gözlənilir. Bunun 38 milyard 8,4 milyon kubmetri əmtəəlik qazın payına düşəcək. Gələn il əmtəəlik qaz hasilatının həcmi 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,6 % azalacaq.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37 milyard 794 milyon kubmetr təbii qaz hasil edilib. Bu həcmin 29 milyard 46,4 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Hesabat dövründə təbii qaz hasilatı 1,8 %, əmtəəlik qaz hasilatı isə 2,8 % artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 29,063 milyon ton neft- kondensat (2023-cü illə müqayisədə azalma 3,6 %), 50 milyard 596,7 milyon kubmetr qaz (artım 4,3 %), o cümlədən 38 milyard 668,6 milyon kubmetr əmtəəlik qaz (artım 6,2 %) hasil edilib.